Yuri Vernidub: “Sabah”a dəstək olmağa hazırıq”

Misli Premyer Liqasının VI turunda "Neftçi" "Qəbələ"ni məğlub edib - 3:0.
Apasport.az xəbər verir ki, matçdan sonra "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidubun mətbuat konfransı keçirilib.
- Qarşıda milli fasilə var. Fasilədən sonra "Sabah"la oyununuz olacaq. Rəqibin Çempionlar Liqası matçına görə bu görüşün təxirə salınma ehtimalı ola bilər. Siz bununla razılaşacaqsız? - Bu barədə düşünmürəm. Oyunçulara istirahət vermək istəyirik. Bizim 6 futbolçumuz milli komandalara yollanır. Orada da öz oyunlarını göstərməlidirlər. Sentyabrın 24-də bazada toplanıb "Sabah"la oyuna hazırlaşacağıq. Rəqib keçən ilin çempionudur, hazırda yaxşı formadadır. Ciddi hazırlaşacağıq. Oktyabrın 2-də isə "Araz-Naxçıvan"la yoxlama oyunu keçirəcəyilk. Bundan sonra "Sabah"la matçın həftəlik hazırlığına başlayacağıq. "Sabah"dan sonra "Qarabağ" və "Turan Tovuz"la oyunlarımız var. Əgər oyunun təxirə salınmasını istəsələr, müraciət edəcəklər. Biz belə məsələlərə loyal yanaşırıq. Ötən mövsüm də "Qarabağ"la matçın təxirə salınmasına razı olmuşduq. "Sabah"a dəstək olmağa hazırıq.
- İlk hissədə komandanın oyununun alınmamasında Qəbələnin havasının təsiri var idi? - Burada oynamaq hər zaman çətindir. Havaya öyrəşmək üşün bir az vaxt lazım olur. Ona görə də birinci hissə oyunumuz istədiyimiz kimi getmirdi. Əsas odur ki, qələbə qazandıq.
- Emin Mahmudovu hər oyunun fasiləsində əvəzləyirsiz. Bu, onun fikizi durumu ilə bağlıdır? - Xeyr, bu, heç bir halda onun fiziki durumu ilə bağlı deyil.