Kyellinidən Ronaldo etirafı – "Mənim üçün bütün zamanların ən yaxşısıdır"

İtaliya millisinin və "Yuventus"un sabiq müdafiəçisi Corco Kyellini Kriştiano Ronaldo barədə fikirlərini bölüşüb.
Apasport.az xəbər verir ki, veteran oyunçu videomüsahibəsində portuqaliyalı ulduzu bütün zamanların ən yaxşı futbolçusu adlandırıb.
Kyellini Lionel Messinin futbol tarixinin ən böyük oyunçularından biri olduğunu vurğulasa da, Ronaldonun ən gərgin anlarda fərq yaratmaq bacarığını önə çəkib:
"Mənim üçün Kriştiano Ronaldo bütün zamanların ən böyük futbolçusudur. Messi möhtəşəm oyunçudur və futbol tarixinin ən yaxşılarından biridir. Amma təzyiqin ən yüksək olduğu anlarda Ronaldo tamam başqa səviyyəyə yüksəlir. Xüsusilə finallarda və həlledici məqamlarda səhnəyə çıxır. Komandası ona ən çox ehtiyac duyanda dəfələrlə fərq yaradıb".
Sabiq müdafiəçi Ronaldonun uzun illər yüksək səviyyədə sabit çıxış etməsini də xüsusi qeyd edib:
"İnsanlar istedaddan danışırlar. Amma futbolda ən çətin iş uzun illər ardıcıl qol vurmaqdır. Kriştiano bunu təxminən 20 ildir ən yüksək səviyyədə bacarır. Kubokların taleyi həll olunan zamanlarda onun oyuna damğa vuracağını gözləyirsən".
Kyellini "Yuventus"da Ronaldo ilə birlikdə oynamağın onun üçün böyük şans olduğunu bildirib:
"Onunla eyni komandada oynamaq ayrıcalıq idi. Zehniyyəti inanılmazdır. Hər məşqdə, hər oyunda həm özündən, həm də komanda yoldaşlarından maksimumu tələb edirdi. Əvvəllər isə ona qarşı oynamaq məcburiyyətində qalırdım. Ronaldoya qarşı heç vaxt rahat ola bilməzdin. O, həmişə çıxış yolu tapırdı".