İdman24
Futbol · APA Sport

Acun Ilıcalıdan "Hall Siti" azarkeşlərinə transfer mesajı – 11 futbolçu ilə danışıqlar gedir

"Hall Siti"nin sahibi Acun Ilıcalı klubun transfer gündəmi ilə bağlı azarkeşlərə müraciət edib.

Apasport.az xəbər verir ki, türkiyəli iş adamı sosial şəbəkə hesabında son günlər yayılan transfer xəbərlərinin əksəriyyətinin həqiqəti əks etdirmədiyini bildirib.

O, son iki ay ərzində intensiv çalışdıqlarını vurğulayaraq, azarkeşlərin qürur duyacağı heyət formalaşdıracaqlarına inandığını deyib. Ilıcalı yalan iddiaların qarşısını almaq üçün transfer prosesinin hazırkı vəziyyətini də açıqlayıb.

Onun sözlərinə görə, qapıçı Cek Batlend, ekvadorlu yarımmüdafiəçi Oskar Zambrano və müdafiəçi Mett Tarqettin keçidi artıq yekunlaşıb.

Bundan başqa, klub daha 11 futbolçu ilə danışıqları davam etdirir. Acun Ilıcalının paylaşdığı məlumata əsasən, Yaponiyadan olan bir futbolçunun transferi 99 faiz, Yunanıstan və İsveçdən olan oyunçuların keçidi isə 90 faiz həll olunub. Portuqaliya, Avstraliya və Xorvatiyadan futbolçularla danışıqlar 80 faiz, Seneqal, Fransa, Yamayka, Türkiyə və Almaniya əsilli oyunçularla aparılan görüşlər isə 70 faiz səviyyəsindədir. Yaponiyadan daha bir futbolçunun transfer ehtimalı isə 60 faiz qiymətləndirilir.

Qeyd edək ki, "Hall Siti" yeni mövsüm öncəsi indiyədək Cek Batlend, Oskar Zambrano və Mett Tarqettin transferini rəsmiləşdirib.

Orijinal mənbə

İdman24 əsas səhifə