Filipe Kandido: “Kaş Səbuhi belə etməzdi”

Misli Premyer Liqasının I turunda "Neftçi" "Sumqayıt"ı məğlub edib - 3:1.
Apasport.az xəbər verir ki, matçdan sonra "gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Filipe Kandidonun mətbuat konfransı keçirilib.
"Rəqibi qələbə münasibətilə təbrik edirəm. Bizim oyunçular da pis çıxış etmədi. İlk qola qədər rəqibə imkan vermədik. Standart vəziyyətdən sonra fərqləndilər və bu qol bizdə inamsızlıq yaratdı. Rəqib isə daha güvənli oynamağa başladı. Qola reaksiya verməyə çalışsaq da, alınmadı. Fasiləyə qədər fərqi azaltmaq istədik. İkinci hissəyə dəyişikliklə başladıq. Küləkli hava da bir az çətinlik yaratdı. Geridönüş etmək istəsək də, rəqib bizi əks-hücumda yaxaladı və daha bir qol vurdu. 1:3-dən sonra azlıqda qaldız. Futbolçumuz öz səhvindən qırmızı vərəqə aldı. 11 nəfərlə qalsaydıq, bəlkə daha yaxşı oynayar, geridönüş edə bilərdik.
Nələrisə bəhanə etmək üçün bura gəlməmişəm. Mənim üçün futbolçunun fərqi yoxdur. Əlimdəki materialın ən yaxşısından istifadə etməyə çalışıram. Transferlər olacaq, heyətimiz komplektləşəcək. "Neftçi" ilk rəsmi matçına çıxanda biz toplanışa başlayırdıq. Yeni oyunçular bizimlə cəmi 2-3 məşq keçiblər.
Kaş Səbuhi belə etməzdi. Amma futbolda bu cür hallar olur. O, bizim kapitanlarımızdandır".