Qurban Qurbanovun və "Qarabağ"ın şad gününün dostları

Bu həftə iki gün fərqlə, eyni məkanda iki böyük futbol şöləni yaşadıq. İki oyun da eyni ssenari üzrə getdi, desəm, doğrudan o qədər də uzaq olmaz. İkisi də 120 dəqiqə, ikisi də 90-cı dəqiqədən sonra dəyişən tale oldu. Biri bizi həddən ziyadə sevindirdiyi halda, digəri həddən artıq üzdü... Sanki Tanrı bizə iki gündə iki fərqli hissləri yaşadaraq, iki böyük dərs verdi. Hər tərəfli nəticə çıxarılmalı iki dərs...
Əslində, bu yazını dünən "Qarabağ" - "Tvente" matçında, oyuna əlavə edilmiş ilk on beş dəqiqədə, elə stadionda bir neçə cümlə ilə beynimdə yazdım. Bu o an idi ki, komandamız üçüncü qolu buraxdı. Elə qol qapımızdan keçər-keçməz demək olar ki, bütün azarkeşlər bir anda ayağa qalxdı və sürətli şəkildə tribunaları tərk etdi. Halbuki qarşıda hələ uzun zaman, döndərilə bilinəcək matç və geridönüşləri edə biləcək illərin "Qarabağ"ı, illərdir başımızı ucalardan-ucaya qaldıran Qurban Qurbanov və əzmkar komandası vardı.
Ancaq "Qarabağ", Qurban Qurbanov dəfələrlə qızıl hərflərlə tarix yazdığı bu 30 minlik qoca meydanda tək qalmışdı, tərk edilmişdi. İllərdir dolu tribunada oynayan, bunu vərdiş halına çevirən, indi isə boş tribunalara tərk edilən, meydanda tək qalan, uğruna qan-tər tökəcəyi azarkeşi olmayan komanda bu gərgin psixoloji durumda başqa nə edə bilərdi ki...
Azarkeşlər illərdir Azərbaycanı inanmayacağımız dərəcədə, yüksək şəkildə təmsil edən, Qarabağ adını dillər əzbəri etdirən, Qarabağın ayrılmaz parçamız olduğunu bütün dünyaya tanıdan, Qarabağın özümüzə qayıdışında misilsiz rol oynayan, çempionların çempionu "Qarabağı", bu yolun ustadı, futbolumuzun geniş yolaçıcısı olan Qurban Qurbanovu tərk etdi. O "Qarabağ"ı, o Qurban Qurbanovu ki, bu adların altında nələrin, hansı zəfərlərin, xəyal belə edə bilməyəcəyimiz hansı hədsiz sevinclərin yaşandığını hər biriniz məndən gözəl bilirsiniz.
Lakin azarkeşlər bunlara heç məhəl qoymadan, keçmişi, o zəfərləri, o xoşbəxtlikləri, o yaşanmışları bir anda, heç sayaraq, olmamış kimi, geriyə belə gözucu dönüb baxmadan, acımasızca, barbarcasına bu addımı atdılar... Şad günün dostu olduqlarını bir daha göstərdilər, bir addımdaca "sevdiklərini" tərk etdilər...
Bu o anda idi ki, "Qarabağ"ın, Qurbanovun ən çətin, ən dar günü idi, onlara - azarkeşlərə bəlkə də ən çox ehtiyac duyduğu vaxt idi... Amma şad günün dostu, pulu olanın qulu olan təfəkkür sahiblərindən başqa nə gözləmək olardı ki..?
Hə, bu misraları yazmayacaqdım, ta ki, bu gün bir çox tanınmış şəxsin də bu azarkeşlərə qoşulmasını görənədək. Hətta bəziləri tənqiddən də irəli gedərək aşağılayıcı cümlələr belə sərf etdilər.
Azarkeşlər xoş gündə dost, dar gündə sakitcə tərk edib gedənlər idisə, bu adamlar isə əksinə, yıxılana balta belə vurmaqdan çəkinmədilər. Hər halda yıxılanı baltalamaq hər "kişinin" işidir, yıxılana əl uzatmaq, onu yerdən qaldırmaq, insan itirmək yox, insan qazanmaq isə hər kişinin işi ola bilməzdi, olmadı da...
Düzdür, bizə bənzər bir çox ölkədə futbol azarkeşləri acımasızdır, elə bizim kimidir... Amma heç bir azarkeş komandasını dar gündə tərk edib bataqlığa sürükləməz, əksinə çətin, dar gündə yükü öz çiyinlərinə götürər, komandaya əlavə nəfəs, əlavə güc verər, on ikinci oyunçu olduğunu hər kəsə göstərər... Necə ki, əsl futbol ölkələrində belə olduğunu hər biriniz gözəl bilirsiniz.
İnsan sevdiyini çətin günündə tərk edərmi? Yox, amma siz etdiniz! Deməli, "Qarabağ"ı, Qurban Qurbanovu, sevmirsiniz, yıxılması üçün fürsət gözləyirsiniz...
Deyirlər, Qurban Qurbanovun biznesi var, özünə gələcək qurur və s. Bundan normal nə ola bilər ki? Bütün dünyada belədir. Qurbanovun nəyinə lazımdır ki, futbol, məgər gedib elə biznesi ilə məşğul ola bilməz? Əlbəttə edər... Amma o, sizin üçün getmir, Azərbaycan futbolu üçün bu stresləri, haqsızlıqları yaşayır, unutmayın!
Əgər bu gün "Sabah" varsa, Azərbaycanı layiqincə təmsil edirsə, unutmayın, bu, həm də "Qarabağ"ın, Qurbanovun əməyinin, zirvədə olmasının nəticəsidir. Məhz "Qarabağ"ın açdığı yol, yaratdığı rəqabət mühiti, "Qarabağ"ı keçmək, ondan daha güclü olmaq mübarizəsi "Sabahı" bu yerlərə gətirib. Bu gün "Qarabağ"ı, Qurbanovu tərk edənlər, unutmayın, bu gedişlə sabah "Sabah" da, "Neftçi" də olmayacaq!
Sabah on il əvvəldəki kimi, Avropada ilk mərhələdəcə bütün komandalarımızın ən zəif klublara uduzaraq evə qayıdacağı günləri təkrar yaşayacağıq!
Və sonda, mən nə "Qarabağ" azarkeşiyəm, nə də Qurban Qurbanovla şəxsi tanışlığım var. Sadəcə haqlının haqqının yeyilməsinə heç zaman göz yuma bilməyəcək "Neftçi" azarkeşi olan futbol sevdalısıyam!