İdman24
Voleybol · APA Sport

Bakıda Avropa çempionatının kubokunun təqdimat mərasimi keçiriləcək

Azərbaycanın da ev sahibi olduğu qadın voleybolçular arasında Avropa çempionatının (CEV EuroVolley Women 2026) kubokunun Bakıda təqdimat mərasimi keçiriləcək.

Apasport.az xəbər verir ki, tədbir iyulun 7-də, saat 12:00-da Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.

Burada Avropa çempionatının kuboku və yarışın rəsmi maskotu təqdim ediləcək.

Həmin gün, saat 19:00-da isə voleybol festivalı keçiriləcək. Festival ərazisində EuroVolley Women 2026-nı əks etdirən xüsusi fotozonalar və voleybol meydançaları qurulacaq.

Voleybolsevərlər, şəhərin sakinləri və qonaqlar Avropa çempionatının kuboku ilə şəkil çəkdirmək, həmçinin qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvləri ilə görüşmək imkanı əldə edəcəklər. Bundan əlavə, fotozonalarda şəkil çəkdirərək sosial şəbəkələrdə #EuroVolleyW həştəqi ilə paylaşım edənlərə Avropa çempionatının oyunlarına bilet hədiyyə olunacaq.

Qeyd edək ki, Azərbaycan C qrupuna ev sahibliyi edəcək. Bu qrupda Azərbaycan, Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya milli komandaları mübarizə aparacaqlar. Bakıdakı qarşılaşmalar avqustun 21-28-də Milli Gimnastika Arenasında keçiriləcək.

Orijinal mənbə

İdman24 əsas səhifə