İdman24
Futbol · APA Sport

Kimmix “Bavariya”nı sərt tənqid etdi – Musiala ilə bağlı qalmaqal

“Bavariya”nın futbolçusu Yozua Kimmix komanda yoldaşı Camal Musiala ilə bağlı klub rəhbərliyinin davranışını tənqid edib.

Apasport.az xəbər verir ki, almaniyalı yarımmüdafiəçi futbolçunun səhhəti ilə bağlı məsələlərin ictimailəşdirilməsini qəbuledilməz adlandırıb:

“Vəziyyətə müxtəlif tərəflərdən baxmaq lazımdır. Klub üçün də bunun asan olmadığını anlayıram. Camalın son iki ildəki karyerasını yaxından izləmişəm. O, Avropa çempionatında millini, demək olar ki, çiyinlərində daşıdı, daha sonra isə komandamızın ən parlaq futbolçusuna çevrildi.

Ardınca müqaviləsini uzatdı, həm klubda, həm də Almaniya millisində 10 nömrəli formanı aldı. Sonra isə zədələr və səhhətində problemlər yarandı. Unutmaq olmaz ki, son il yarımda, deyəsən, ardıcıl 4-5 oyun belə keçirməyib. Bu baxımdan onun hazırda əvvəlki səviyyəsində olmaması müəyyən qədər başadüşüləndir.

Klubun narahatlığını anlayıram. Lakin bütün bunların ictimaiyyətə necə təqdim olunmasını başa düşə bilmirəm. Belə məsələlərin futbolçunun hesabına həll edilməsi yolverilməzdir. Klub biz futbolçulardan üstündür, amma insanın özündən daha vacib ola bilməz. Bu cür davranış tamamilə qəbuledilməzdir və “Bavariya”nın prinsiplərinə uyğun deyil”.

Qeyd edək ki, avqustda Musialaya nevroloji disfunksiya nəticəsində yaranan qısamüddətli absans tutmaları diaqnozu qoyulub. Sonradan dərman vasitəsilə tutmaların nəzarət altına alındığı bildirilib. “Bavariya” rəhbərliyi futbolçunun nümayəndələri ilə görüşərək onun səhhəti ilə bağlı məsələlərin bundan sonra məxfi şəkildə müzakirə olunması barədə razılığa gəlib.

Orijinal mənbə

İdman24 əsas səhifə