İdman24
Futbol · APA Sport

Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama

Türkiyə Futbol Federasiyası (TFF) milli komandanın baş məşqçisi Sergen Yalçınla bağlı yayılan iddialara yenidən münasibət bildirib.

Apasport.az xəbər verir ki, federasiya 53 yaşlı mütəxəssisin adından yayılan açıqlamaları təkzib edib.

TFF-nin rəsmi bəyanatında deyilir:

“Milli komandamızın baş məşqçisi Sergen Yalçının TFF-nin Rivada yerləşən mərkəzində keçirilən müqavilə imzalama mərasimində səsləndirdiyi fikirlərdən başqa, heç bir quruma və ya şəxsə verdiyi açıqlama yoxdur”.

Bu, federasiyanın son iki gündə Sergen Yalçınla bağlı yaydığı ikinci bəyanatdır.

Daha əvvəl Türkiyə mətbuatında milli komandanın bəzi futbolçularının baş məşqçinin telefon zənglərinə cavab vermədiyi barədə iddialar ortaya atılıb.

TFF isə həmin məlumatları təkzib edərək Sergen Yalçınla futbolçular arasında hər hansı ünsiyyət probleminin olmadığını bildirib.

Federasiya milli üzvlərinin baş məşqçi və onun köməkçiləri ilə görüşlərdən razı qaldığını vurğulayıb. Qurum yayılan iddiaları əsassız və qərəzli spekulyasiyalar kimi qiymətləndirərək belə xəbərlərin komandadakı birlik və kollektiv ruhuna zərər vurduğunu qeyd edib.

Bununla belə, sözügedən iddiaları gündəmə gətirən jurnalist Sercan Hamzaoğlu TFF-nin təkzibindən sonra da məlumatının arxasında dayandığını açıqlayıb. O, hadisəyə şəxsən şahid olduğunu iddia edib.

Beləliklə, federasiyanın ardıcıl bəyanatlarına baxmayaraq, Türkiyə millisinin daxilindəki vəziyyətlə bağlı müzakirələr davam edir.

Qeyd edək ki, Sergen Yalçın oktyabrın 22-də Türkiyə millisinin baş məşqçisi kimi təqdim olunub. Təcrübəli mütəxəssislə 4 illik müqavilə imzalanıb.

Orijinal mənbə

İdman24 əsas səhifə