İdman24
Futbol · APA Sport

Aslan Kərimov inamlıdır: "Sabah" mərhələni keçəcək"

“İlk oyun göstərdi ki, “Sabah” bəlkə də rəqibindən bir baş üstün idi”.

Bu sözləri Apasport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Aslan Kərimov deyib.

O, UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda Finlandiyanın “KuPS” klubu ilə qarşılaşacaq “Sabah”ın şanslarını dəyərləndirib:

“Baxmayaraq ki, “KuPS” Finlandiya təmsilçisidir, amma komandamız 6-7, hətta yüz faizlik qol imkanları yaratdı. Təəssüf doğuran məqam odur ki, bu fürsətlərin yalnız birini qola çevirə bildi”.

Təcrübəli mütəxəssis cavab matçında əsas təhlükənin rəqibin əks-hücumları olacağını vurğulayıb:

“Bu oyun “Sabah” üçün müəyyən mənada dərs oldu. Bu qədər üstün oynayıb qol vura bilməyəndə rəqib də bir imkan tapıb bundan yararlana bilər. Cavab görüşündə diqqət edilməli əsas məqam budur. “KuPS” evdə oynayacaq, uzun ötürmələr, standart vəziyyətlər təhlükə yarada bilər”.

Kərimov hesab edir ki, “Sabah” yalnız hesabı qorumağa yox, yenidən qol vurmağa çalışmalıdır:

“Düşünürəm ki, “Sabah” rəqibindən yenə üstün olacaq. 1:0 hesabını qorumaq barədə yox, qol vurmaq barədə düşünmək lazımdır. Əgər bir qol vursa, oyunun taleyini böyük ölçüdə həll etmiş olacaq. Amma qol vurmadıqca psixoloji təzyiq arta bilər. Rəqibin bir qol tapması və ya standart vəziyyətdən fərqlənməsi hər şeyi yenidən dəyişə bilər”.

Aslan Kərimov əlavə edib ki, “Sabah” bu mərhələni keçmək gücündədir:

“Komanda müdafiəni unutmadan bir qol vurmağa çalışmalıdır. Məncə, “Sabah” bunun öhdəsindən gələ bilər. Xüsusi bir şey baş verməsə, bu cütün qalibi olacaq”.

Orijinal mənbə

İdman24 əsas səhifə