Tahir Gözel: “Qarabağ” gələcək nəsillərə qalacaq bir mirasdır”

“Qarabağ” futbol klubunun prezidenti Tahir Gözel Ağdam təmsilçisinin mətbuat xidmətinə müsahibə verib.
Apasport.az xəbər verir ki, o, “köhlən atlar"ın Avropa və Azərbaycan miqyasında əldə etdiyi davamlı uğurlardan, qazandığı azarkeş sevgisindən, bu nəticələrə aparan çətin və ağır yoldan danışıb, gələcək üçün nəzərdə tutulan hədəf və planları açıqlayıb.
– Tahir bəy, müsahibəyə klubun bugünkü səviyyəyə çatdığı yolun başlanğıcından başlayaq. “Azərsun Holdinq”in “Qarabağ”a dəstək verməyə başladığı ilk illərdə klubun mövcud imkanları necə idi və həmin dövrdə qarşınızda duran əsas vəzifələr nələrdən ibarət idi? – “Azərsun” 2001-ci ildə “Qarabağ”a dəstək verməyə başlayanda biz bugünkü infrastruktura, maliyyə imkanlarına, geniş azarkeş bazasına, oturuşmuş idarəetmə sisteminə və Avropa təcrübəsinə malik hazır bir klub qəbul etməmişdik. Klub çox mürəkkəb bir dövrdən keçirdi. Qarabağın işğalı nəticəsində doğma şəhərindən və stadionundan uzaq düşmüşdü, maddi imkanları məhdud idi, bir sıra aparıcı futbolçuları başqa komandalara üz tutmuşdu. Belə bir şəraitdə qarşımızda duran ilk vəzifə böyük nəticələr barədə danışmaq deyil, ilk növbədə “Qarabağ”ı ayaqda saxlamaq və onun gələcəyini təmin etmək idi.
Bu gün gördüyünüz “Qarabağ” bir günün, bir mövsümün və ya bir böyük transferin nəticəsi deyil. Klubun indiki səviyyəsinə çatması üçün illər ərzində saysız-hesabsız qərarlar qəbul olunub, səhvlərdən nəticə çıxarılıb, yeni addımlar atılıb, struktur formalaşdırılıb. Biz hazır sistemə daxil olmamışıq, həmin sistemi özümüz qurmuşuq.
Ona görə bugünkü “Qarabağ”ı yalnız son matçın hesabı, turnir cədvəlindəki mövqeyi və ya qazandığı bir kubok üzərindən qiymətləndirməyin doğru olmadığını düşünürəm. Mən “Qarabağ”ın ən böyük nailiyyətini yalnız çempionluqlarda, ölkə kuboklarında və ya Avropada qazanılan tarixi qələbələrdə görmürəm. Ən böyük nailiyyətlərimizdən biri odur ki, bu illər ərzində klubun öz kimliyini formalaşdıra bilmişik.
“Qarabağ”ın artıq öz futbol fəlsəfəsi, idarəetmə mədəniyyəti, transfer yanaşması, iş prinsipləri və dəyərləri var. Bunlar bir neçə ilə yaranmır. Bunun arxasında uzun illərin zəhməti, səbir, qarşılıqlı etimad və ən çətin vaxtlarda belə seçdiyimiz yoldan dönməmək dayanır.
– Həmin illərdə sizinlə birlikdə fəaliyyətə başlayan əməkdaşların bir hissəsinin bu gün də klubda çalışması diqqət çəkir. Bu davamlılıq “Qarabağ” üçün nə ifadə edir? – Biz “Qarabağ”ın tarixini heç vaxt yalnız özümüzdən başladığımız dövrlə məhdudlaşdırmamışıq. Əksinə, klubu təhvil aldığımız ilk gündən onun keçmişinə, Ağdamda formalaşmış futbol ənənəsinə, bu forma üçün çalışan və oynayan insanlara böyük hörmətlə yanaşmışıq. Bizdən əvvəlki “Qarabağ” da bu klubun tarixidir və bugünkü “Qarabağ” həmin tarixin davamıdır.
Bunun ən yaxşı göstəricilərindən biri odur ki, illər əvvəl “Qarabağ”ın formasını geyinən, klubun ən çətin günlərini yaşayan insanlar bu gün də həmin bayraq altında fəaliyyət göstərirlər.
Məsələn, Müşfiq Hüseynov “Qarabağ” tarixinin ən tanınmış simalarından biridir. Uzun illər hücumçu kimi klubun formasını geyinib, komandanın kapitanlarından olub və ən çətin dövrlərdə “Qarabağ”ın yanında qalıb. Futbolçu karyerasını başa vurduqdan sonra da klubdan ayrılmayıb və uzun illərdir Qurban Qurbanovun məşqçilər korpusunda fəaliyyət göstərir. Bu, bizim üçün xüsusi dəyər daşıyır: dünən meydanda “Qarabağ” üçün mübarizə aparan insan bu gün həmin klubun yeni uğurlarının hazırlanmasında iştirak edir.
Yaşar Hüseynov isə bütün futbolçu karyerasını demək olar ki, “Qarabağ”a həsr edib. 1993-cü ildə Ağdamda, “İmarət” stadionunda keçirilən son qarşılaşmada “Turan”ın qapısına vurulan yeganə qolun müəllifi məhz Yaşar Hüseynov olub. Həmin il klubumuzun ilk ölkə çempionluğunun qazanılmasında da mühüm rol oynayıb. Futbolçu karyerasını başa vurduqdan sonra məşqçi kimi klubda fəaliyyətini davam etdirib, bu gün isə akademiya strukturunda koordinator köməkçisi və seleksioner kimi gənc futbolçuların inkişafına töhfə verir.
Şahid Həsənovun yolu da bu davamlılığın başqa nümunəsidir. O, 1988–1992-ci illərdə “Qarabağ”ın futbolçusu olub, 1988-ci ildə Azərbaycan SSR çempionluğunu qazanan heyətdə yer alıb. Daha sonra klubda məşqçi kimi çalışıb, uzun illərdir isə lisenziyalaşdırma istiqamətində fəaliyyət göstərir. Yəni onun “Qarabağ”la bağlılığı yalnız bir vəzifə və ya bir mərhələ ilə məhdudlaşmır.
Samir Musayev də vaxtilə “Qarabağ”ın hücum xəttinin əsas simalarından olub. 2003/04 mövsümündə 20 qolla Azərbaycan çempionatının bombardiri adına məhz “Qarabağ”ın futbolçusu kimi sahib çıxıb. Bu gün isə klubun akademiyasında U-17 komandasının baş məşqçisidir. Dünən əsas komandada qol vuran futbolçunun bu gün “Qarabağ”ın gələcək futbolçularını yetişdirməsi bizim qurmaq istədiyimiz modelin mahiyyətini göstərir.
Maksim Medvedev isə “Qarabağ”ın öz daxilindən yetişdirdiyi futbolçu və məşqçi modelinin daha yeni nümunəsidir. O, akademiyamızdan çıxıb, bütün peşəkar futbolçu karyerasını “Qarabağ”a həsr edib, uzun illər komandanın kapitanlarından biri və klub tarixində ən çox oyun keçirən futbolçulardan olub. Futbolçu karyerasını başa vurduqdan sonra əvvəl akademiyada məşqçiliyə başladı, indi isə əvəzedici komandamızın baş məşqçisidir.
Bu, bizim görmək istədiyimiz yoldur: uşaq yaşlarında “Qarabağ”a gələn bir insanın futbolçu, lider, sonra isə məşqçi kimi klubun daxilində inkişaf etməsi.
Bunlar bizim üçün sadəcə nostalji nümunələri deyil. Klubun yaddaşı belə qorunur. Yeni gələn insan yalnız qaydalarla deyil, yanında çalışan insanların təcrübəsi ilə də “Qarabağ”ın nə olduğunu öyrənir.
Eyni zamanda davamlılığı yeniliyə qapalı olmaq kimi qəbul etmirik. Əksinə, uzun illər bizimlə çalışan əməkdaşlarımızın yeni biliklər qazanmasına, beynəlxalq təcrübə əldə etməsinə, müasir futbol idarəçiliyinə uyğun inkişaf etməsinə şərait yaradırıq. Beləliklə, bir tərəfdən klubun kökləri qorunur, digər tərəfdən həmin köklər üzərində yeni “Qarabağ” qurulur.
Məncə, böyük klubun ən vacib xüsusiyyətlərindən biri də budur: keçmişini silmədən gələcəyini yaratmaq.
– İlk illərdə azark