“Dinamo” – “Qarabağ” oyunlarının hakimləri bəlli oldu

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində keçiriləcək “Dinamo” (Kiyev, Ukrayna) – “Qarabağ” oyunlarının hakim təyinatları açıqlanıb.
Apasport.az xəbər verir ki, avqustun 6-da Polşanın Lublin şəhərində yerləşən “Lublin Arena”da keçiriləcək ilk qarşılaşmanı Danimarkadan olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Morten Kroq olacaq. Ona laynsmenlər Steffen Bramsen və Viktor Skayt kömək edəcəklər. Dördüncü hakim funksiyasını Yakob Karlsen yerinə yetirəcək. VAR hakimi Yakob Kehlet, AVAR isə Yens Maae olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab matçına isə İngiltərədən olan hakimlər təyin olunublar.
Baş hakim Stüart Attvell olacaq. Ona İan Hussin və Nik Qrinhalq kömək edəcəklər. Lyuis Smit dördüncü hakim, Peter Bankes VAR, Ceyms Bell isə AVAR funksiyasını icra edəcək.
Qeyd edək ki, Bakıda keçiriləcək “Qarabağ” – “Dinamo” qarşılaşması saat 20:00-da başlayacaq.