Rəşad Rəsullu: “Hədəfimiz Bakıda tarixə düşəcək dünya çempionatı keçirməkdir”

"Azərbaycanda 7 ildən sonra keçiriləcək cüdo üzrə böyüklər arasında dünya çempionatının yüksək səviyyədə təşkil olunması üçün hazırlıqlar davam edir".
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu dünya çempionatına hazırlıq və təşkilati məsələlərə həsr olunmuş mətbuat konfransında deyib.
Rəsullu Bakının bu il dünya idmanının əsas mərkəzlərindən birinə çevrildiyini vurğulayıb:
“Bu il Bakı dünya idman paytaxtıdır. Turnirin paytaxtımızda təşkili böyük əhəmiyyət daşıyır. İlk gündən Gənclər və İdman Nazirliyi ilə sıx əməkdaşlıq edirik. Beynəlxalq Cüdo Federasiyasının da bu yarışın təşkilində rolu danılmazdır. Hədəfimiz indiyədək keçirilmiş dünya çempionatları arasında ən yaxşı yarışlardan birini təşkil etməkdir”.
Federasiya rəsmisi bildirib ki, artıq 670 bilet satılıb və onların böyük hissəsi xarici azarkeşlər tərəfindən alınıb:
“Biletlər 20-yə yaxın ölkədə satılıb. Bunun ölkəmizin turizm sektoruna da müsbət təsir göstərəcəyini düşünürük. Bu istiqamətdə federasiya tərəfindən müxtəlif tədbirlər həyata keçiriləcək”.
Rəşad Rəsullu qeyd edib ki, dünya çempionatında 80-90 ölkədən təxminən 600 cüdoçunun iştirakı gözlənilir:
“İştirakçı sayının müəyyən məhdudiyyəti var. Reytinqdə ilk 100-lükdə və gənclər arasında ilk 16-lıqda yer alan cüdoçular yarışa qatılacaq. Bu, turnirin keyfiyyətini artırmaq üçün vacib şərtlərdən biridir. Macarıstanda keçiriləcək Böyük Dəbilqə turnirindən sonra lisenziya məsələsinə tam aydınlıq gələcək. Təşkilatçı ölkə kimi isə Azərbaycan hər çəki dərəcəsində iki idmançı ilə təmsil olunacaq”.