Digər · APA Sport
Azərbaycanlı avarçəkən Litvada gümüş medal qazandı

Azərbaycanın akademik avarçəkmə üzrə gənclərdən ibarət milli komandasının üzvü Azər İlyasov Litvada keçirilən Açıq ölkə çempionatında uğurlu çıxışı ilə seçilib.
Apasport.az xəbər verir ki, hazırda Litvada təlim-məşq toplanışında olan idmançımız Şaulyay şəhərində təşkil olunan yarışda gümüş medal qazanıb.
Yerli avarçəkənlərlə yanaşı, ABŞ, İsveçrə və İsraildən olan idmançıların da mübarizə apardığı turnirdə Azər İlyasov 15 iştirakçının yer aldığı yarımfinal mərhələsini uğurla adlayaraq A finalına yüksəlib.
Yağışlı və küləkli hava şəraitində keçirilən həlledici yürüşdə təmsilçimiz 2000 metr məsafəni 7 dəqiqə 52 saniyəyə qət edib. O, yalnız ev sahibi ölkənin idmançısından geri qalaraq gümüş medala sahib çıxıb.