İdman24
Futbol · APA Sport

20 yaşlı azərbaycanlı niyə “Neftçi”yə yox, “Fənərbaxça”ya azarkeşlik edir?

Məhəmməd Füzulinin bir sözü var: - "Söyləsəm təsiri yox, sussam könül razı deyil". Mən də öz növbəmdə bu mövzuda yenə yazım, yoxsa yazmayım deyə düşünürdüm. Könlüm razı olmadı. Ötən günlərdə “Fənərbaxça” Bakıya təşrif buyurdu, “Turan Tovuz”la oynadı. Oyunu, olanları qoyduq qırağa. Pis-yaxşı, bitdi, getdi. Amma stadionun tribunalarına baxanda adamın ağlına istər-istəməz bir sual gəlirdi: bu oyun həqiqətən Azərbaycan klubunun ev matçıdır? Tribunaların böyük hissəsində “Fənərbaxça” formaları, şərfləri, bayraqları görünürdü. Stadionun çox böyük əksəriyyəti azərbaycanlı "fənər" azarkeşləri idi. Burada məsələ konkret “Fənərbaxça” deyil. “Qarabağ” – “Qalatasaray”, “Neftçi” – “Beşiktaş” oyunlarında da oxşar mənzərəni görmüşük. Türkiyə klublarının Azərbaycanda böyük azarkeş kütləsinin olması yeni hadisə deyil. Türkiyə futboluna maraq da başadüşüləndir. Amma mənə qəribə gələn başqa şeydir: biz niyə başqasının klubuna bu qədər bağlana bilirik, özümüzünkünə isə yox? 50-60 yaşlı bir insanın “Fənərbaxça”, “Qalatasaray” və ya “Beşiktaş” azarkeşi olmasını hardasa anlamaq mümkündür. İllərdir həmin komandaya baxıb, 2000-də "Qalatasaray"ın UEFA kuboku qazandığını görüb, "Beşiktaş"ın, "Fənərbaxça"nın avrokubok uğurlarını izləyib, müəyyən xatirələri yaranıb, bu sevgi həyatının bir hissəsinə çevrilib. Bəs 18-20 yaşlı azərbaycanlı gənc? Bu gün 20 yaşı olan biri “Fənərbaxça”nı hansı böyük Avropa uğuruna görə seçib? Həmin klubun oyununu hər həftə stadiondan izləməyib. İstanbulun Kadıköyündə, Bağdad küçəsində böyüməyib. Atası onu uşaqlıqdan əlindən tutub "Şükrü Saracoğlu" stadionuna aparmayıb. Klubla şəhər, məhəllə, məktəb, uşaqlıq üzərindən formalaşan təbii bir bağı yoxdur. Üstəlik, “Fənərbaxça” 2008-ci ildən bəri Çempionlar Liqasının əsas mərhələsində oynamayıb, uzun illərdir Türkiyə çempionu ola bilmir. Amma həmin gəncin yaşadığı ölkədə “Qarabağ” var. Son illərdə Azərbaycan futbolunun Avropada görə bilmədiyi nə varsa, demək olar, hamısını göstərən bir klub. Çempionlar Liqasının əsas mərhələsinə yüksələn, ardıcıl illər Avropa turnirlərində ölkəni təmsil edən, böyük klublarla qarşılaşan, Azərbaycana futbol axşamları yaşadan komanda. Bu səviyyədə tribunalara 30 min tamaşaçı yığan "Qarabağ" həftəsonu gəlir “Zirə” ilə çempionat oyununa çıxır və tribunada 200 nəfər görürük, ya yox. Mənə qəribə gələn də budur. Deməli, məsələ təkcə uğur deyil. Əgər azarkeşlik uğurla ölçülsəydi, son 10-15 ilin nəticələri yeni nəslin yerli klublara daha çox bağlanmasına kifayət etməli idi. Amma etmir. Burada bir qədər özümüzə dəyər verməmək problemimiz olduğunu düşünürəm. Bizim canımıza “xaricidirsə, deməli, daha yaxşıdır” düşüncəsi hopub. İnşaat sektorunda da, marketinqdə də. Futbolda da bunun başqa formasını görürük. Türkiyənin böyük klubunun formasını geyinmək bizə daha “ciddi azarkeşlik” kimi gəlir. Yerli klubun formasını geyinmək, onun çempionat oyununa getmək isə eyni prestiji daşımır. “Neftçi”yə, “Kəpəz”ə, “Turan Tovuz”a, “Qarabağ”a azarkeş olmaq üçün həmin klubun “Real” olması lazım deyil axı. Əslində klub azarkeşliyinin mahiyyəti burada başlayır. Sən komandaya yalnız kubok qaldıranda bağlanmırsan. Şəhərinə, məhəllənə, ailəndən gələn ənənəyə, uşaqlıq xatirələrinə bağlanırsan. İngiltərədə, Almaniyada 3-cü liqada oynayan klubun stadionuna 20-30 min insan ona görə getmir ki, həmin komanda Çempionlar Liqasını qazanacaq. Gedirlər, çünki o klub onlarındır. Bizdə isə bu “bizimdir” hissəsi çox zəifdir. Tovuzda müəyyən qədər var. Gəncədə var. “Neftçi”nin köhnə azarkeş bazasında var. Amma ümumi futbol mədəniyyətinə çevrilməyib. Ən qəribəsi odur ki, biz uzaqdakı kluba qarşılıqsız sevginin bütün şərtlərini qəbul edirik. Uduzanda əsəbiləşirik, transferini izləyirik, formasını alırıq, gecə oyununa baxırıq, sosial şəbəkədə müdafiə edirik. Amma burnumuzun dibində oynayan klub üçün iki həftədən bir stadiona getmək ağır gəlir. Sonra da deyirik ki, Azərbaycanda futbol atmosferi yoxdur. Atmosfer göydən düşmür. Tribunanı federasiya doldurmur, azarkeş doldurur. Klubun kimliyi də yalnız loqo, rəng və tarix kitabından yaranmır. Nəsildən-nəslə ötürülən azarkeşliklə yaranır. Ata uşağını stadiona aparır, həmin uşaq böyüyəndə öz övladını aparır. Bir klub belə “özününkü” olur. Biz bu zənciri qura bilməmişik. Burada klubların da günahı az deyil. Azərbaycan klublarının əksəriyyəti illərlə azarkeşlə emosional bağ yaratmaq üçün ciddi iş görməyib. Marketinq zəif olub, stadion təcrübəsi kasad qalıb, klub kimliyi formalaşdırılmayıb. "Araz-Naxçıvan", "İmişli" kimi məqsədsiz, mənasız komandaların şəhərlə əlaqəsi yalnız adında qalıb. Ona görə azarkeşə “mən niyə məhz səni sevməliyəm?” sualının cavabını verməyən klubu da bütün məsuliyyətdən kənarda saxlamaq olmaz. Amma hər şeyi onların üstünə atmaq da rahat bəhanədir. Çünki qarşımızda “Qarabağ” nümunəsi var. Klub nəticə verib, Avropada davamlılıq yaradıb, ölkəyə tanınmış rəqiblər gətirib. Yenə də Avropa matçında stadionu dolduran adamların 99 faizi üç-dörd gün sonra Premyer Liqa görüşünə gəlmir. Deməli, problem daha dərindir. Bəlkə də biz özümüzünkü ilə fəxr etməyi hələ tam öyrənməmişik. “Fənərbaxça”nı sevməkdə heç bir problem yoxdur. “Qalatasaray”a, “Beşiktaş”a, “Real”a, “Barselona”ya azarkeşlik etmək də kiminsə qüsuru deyil. Futbol sərhəd tanımır və insan istədiyi komandaya simpatiya bəsləyə bilər. Problem o zaman başlayır ki, başqasının klubunu özümüzünkündən daha doğma hesab edirik. İstanbulda yüz minlərlə insanın sahib çıxdığı “Fənərbaxça” bizim sevgimiz olmasa da yaşayacaq. “Qalatasaray” da, “Beşiktaş” da. Bəs “Neftçi”yə kim sahib çıxacaq? “Kəpəz”ə kim? “Turan Tovuz”a kim? “Qarabağ” Avropadan qayıdıb “Zirə” ilə oynayanda o tribunada kim oturacaq? Başqasının klubuna verdiyimiz sevgidən bir azını özümüzünkünə versəydik, bəlkə futbolumuz da, tribunalarımız da bu günə qalmazdı...

Orijinal mənbə

İdman24 əsas səhifə