AFFA-dan “Qarabağ” və “Araz-Naxçıvan”ın futbolçuları üçün maarifləndirici sessiyalar

AFFA-nın Komplayns və Danışılmış oyunlara qarşı mübarizə şöbəsi “Qarabağ” və “Araz-Naxçıvan” klublarının aşağı yaş qruplarında çıxış edən futbolçuları və məşqçiləri üçün maarifləndirici sessiyalar təşkil edib.
Apasport.az xəbər verir ki, tədbirlər danışılmış oyunlara qarşı mübarizə çərçivəsində keçirilib.
Sessiyalarda şöbənin aparıcı mütəxəssisi Murad Məmmədli danışılmış oyun anlayışı, futbolçuların və məşqçilərin qarşılaşa biləcəyi risklər, eləcə də bu cür halların futbolun nüfuzuna vurduğu zərər barədə məlumat verib.
Təlim zamanı danışılmış oyunların əsas motivləri, idman mərclərinin bu prosesdə rolu, manipulyasiya üsulları və futbolçulara edilə biləcək təsirlər müzakirə olunub. Həmçinin şübhəli təkliflərlə qarşılaşdıqda atılmalı olan addımlar, belə halların vaxtında aidiyyəti qurumlara bildirilməsinin vacibliyi və məlumatın gizlədilməsinin mümkün nəticələri diqqətə çatdırılıb.
Sosial şəbəkələr vasitəsilə edilən yaxınlaşmalar və şəxsi profillərin düzgün idarə olunması məsələlərinə də toxunulub.
Sessiya çərçivəsində AFFA-nın 2025-ci ildə qəbul edilmiş İntizam Məcəlləsinin müvafiq maddələri iştirakçılara izah olunub. Danışılmış oyunlarda iştirakın, belə hallara cəhdin və ya bu barədə məlumatın gizlədilməsinin ciddi intizam pozuntusu hesab edildiyi vurğulanıb. Təlimin sonunda iştirakçıların biliklərini yoxlamaq üçün interaktiv suallar təqdim edilib.
Maarifləndirici tədbirlərin əsas məqsədi futbol ictimaiyyətində şəffaflıq və dürüstlük prinsiplərini qorumaq, danışılmış oyunlara qarşı mübarizəni gücləndirmək, futbolçuların və məşqçilərin bu sahədə məlumatlılığını artırmaqdır.