İdman24
Digər · APA Sport

Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi

“Santos” FIFA-nın tətbiq etdiyi transfer qadağasını aradan qaldırıb.

Apasport.az xəbər verir ki, Braziliya klubu “Monako”ya olan 2,032 milyon avroluq borcunu Neymarın ailəsinə məxsus NR Sports şirkətinin maliyyə dəstəyi ilə ödəyib.

Borc 2023-cü ildə yarımmüdafiəçi Jan Lukasın “Monako”dan transferi ilə bağlı yaranıb. “Santos” futbolçu üçün razılaşdırılmış 6 milyon avronun ilk iki hissəsini ödəsə də, 31 yanvar 2025-ci ildə verilməli olan son 2 milyon avroluq ödənişi həyata keçirməyib. Faizlərlə birlikdə borc 2,032 milyon avroya çatıb.

“Monako”nun müraciətindən sonra FIFA “Santos”a üç transfer pəncərəsi üçün yeni futbolçu qeydiyyatdan keçirmək qadağası qoymuşdu. Braziliya klubunun İdman Arbitraj Məhkəməsinə (CAS) etdiyi şikayət də təmin edilməmişdi.

NR Sports-un ayırdığı vəsait hesabına borc tam bağlandıqdan sonra FIFA qadağanı ləğv edib. Razılaşmaya əsasən, “Santos” və Neymarın ailəsinə məxsus şirkət klub formasında hazırda satılmayan bəzi reklam sahələrinin kommersiyalaşdırılması üzərində birgə işləyəcək.

Qeyd edək ki, transfer qadağasının aradan qalxmasından sonra “Santos” heyətini gücləndirmək üçün yenidən hərəkətə keçib. Klubun “Yuventus”dan ayrılan Artur Melo ilə anlaşmağa yaxın olduğu bildirilir.

Orijinal mənbə

İdman24 əsas səhifə