"Qalatasaray" Kamavinqaya elçi düşdü: 35 MİLYON AVRO

“Qalatasaray” heyətini dünya səviyyəli yarımmüdafiəçi ilə gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, bu barədə “Fanatik” nəşri məlumat yayıb.
İstanbul təmsilçisi “Real”ın futbolçusu Eduardo Kamavinqanın transferi üçün danışıqlara başlamağa hazırlaşır. Türkiyə çempionunun 23 yaşlı fransalıya görə 35 milyon avro ödəməyə hazır olduğu bildirilir. Digər Türkiyə mənbələri də “Qalatasaray”ın transferi məhz bu məbləğ civarında yekunlaşdırmaq istədiyini yazır.
Lakin keçidin baş tutması asan görünmür. İspaniya mətbuatının məlumatına görə, “Real” Kamavinqanı yalnız daha yüksək məbləğ qarşılığında buraxmağa hazırdır. “AS” Madrid klubunun futbolçu üçün ən azı 70 milyon avro tələb etdiyini yazıb.
Qeyd edək ki, “Real” Kamavinqanı 2021-ci ilin yayında Fransanın “Renn” klubundan 31 milyon avroya transfer edib. Fransa millisinin üzvü Madrid təmsilçisinin heyətində 226 rəsmi qarşılaşmada 6 qol vurub və 11 məhsuldar ötürmə edib.