Dambrauskas: “Bacardığımız işi görməliyik”

"Sabah" UEFA Çempionlar Liqası II təsnifat mərhələsinin cavab görüşü çərçivəsində Finlandiyanın "KuPS" klubunun qonağı olacaq.
Apasport.az xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Valdas Dambrauskas matçdan öncə keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:
“Finlandiyada olduğumuza görə çox şadıq. Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu üçün buradayıq. Bildiyiniz kimi, ilk qarşılaşmadan sonra hesab arasındakı fərq çox azdır və düşünürəm ki, hər iki komandanın növbəti mərhələyə yüksəlmək şansı var. İlk oyundakı qələbə bizi cüzi favorit hesab etməyə imkan verir. Lakin eyni zamanda anlayırıq ki, Çempionlar Liqasında və ümumiyyətlə, Avropa turnirlərində səfərdə keçirilən heç bir oyun asan olmur.
Bilirik ki, meydan sahibləri çox motivasiyalı olacaqlar və bütün güclərini ortaya qoyacaqlar. Biz də onların mübarizə səviyyəsinə uyğun cavab verməli, öz oyunumuzu sərgiləməli və ən yaxşı bacardığımız işi görməliyik.
Komandamızın nəyə qadir olduğunu yaxşı bilirik. Bu axşam həmin stadionda məşq edəcəyik. Bu məşq şəraitə uyğunlaşmaq, meydanı və bizi hansı şərtlərin gözlədiyini daha yaxşı anlamaq üçün vacibdir.
Sabah isə bacardığımız ən yaxşı oyunu göstərməliyik. İnanıram ki, oyunumuzun ən yüksək səviyyəsini nümayiş etdirə bilsək, növbəti mərhələyə vəsiqə qazanacağıq".
Qeyd edək ki, "KuPS" - "Sabah" matçı sabah Bakı vaxtı ilə saat 19:00-da Kuopio şəhərində baş tutacaq.