Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır

“İnter Mayami”də çıxış edən Lionel Messi futbol biznesində növbəti böyük addımını atmağa hazırlaşır.
Apasport.az xəbər verir ki, 39 yaşlı argentinalı ulduz İspaniyanın II Liqasında mübarizə aparan “Eldense” klubunu almaq üçün prinsipial razılığa gəlib.
Bu barədə "Marca" nəşri məlumat yayıb.
Messi Alikante əyalətinin Elda şəhərini təmsil edən klubun səhmlərinin 100 faizini əldə etməyi planlaşdırır. Sövdələşmədə başqa investorların iştirak etməyəcəyi bildirilir.
Hazırda tərəflər arasında son hüquqi və müqavilə prosedurları davam edir. Əməliyyatın rəsmiləşməsi üçün İspaniyanın Ali İdman Şurasının (CSD) razılığı da tələb olunur. Satınalmanın maliyyə detalları açıqlanmayıb.
Qeyd edək ki, “Eldense” yeni mövsümə uğursuz başlayıb. Komanda ilk 4 turda cəmi 2 xal toplayıb və hələ qələbə qazana bilməyib. Uğursuz nəticələrdən sonra baş məşqçi Klaudio Barraqanla yollar ayrılıb.
Bu, Messinin İspaniyada sahib olacağı ikinci klub olacaq. Argentinalı futbolçu 2026-cı ilin aprelində ölkənin beşinci liqasında çıxış edən “UE Kornelya”nın əsas səhmdarına çevrilib.