"Atletiko" açıqladı: ALVARES SATILMAYACAQ

“Atletiko Madrid” Xulian Alvaresin “Barselona”ya transferi ilə bağlı mövqeyini açıqlayıb.
Apasport.az xəbər verir ki, Madrid klubunun rəhbərliyi argentinalı hücumçunun Kataloniya təmsilçisinə keçidi ilə bağlı danışıqlar aparılmamasına qərar verib.
Klubun açıqlamasında bildirilib ki, “Atletiko” peşəkar, etik və qarşılıqlı hörmət çərçivəsində aparılan adi transfer danışıqlarına açıqdır. Lakin “Barselona”nın bu tələblərə cavab vermədiyi vurğulanıb.
Bu səbəbdən hər iki komanda arasında Alvaresin transferi ilə bağlı heç bir danışıqların aparılmayacağı və futbolçunun Kataloniya klubuna keçidinə icazə verilməyəcəyi qeyd olunub.
Madrid təmsilçisi Alvaresin bu qərarı anlayacağına və komandanın qarşısına qoyulan məqsədlərə çatmasına kömək etməyə davam edəcəyinə əmin olduğunu bildirib.
Qeyd edək ki, Xulian Alvares 2024-cü ilin yayında "Mançester Siti"dən 75 milyon avroya "Atletiko"ya keçib. Onun Madrid klubu ilə müqaviləsi 30 iyun 2030-cu ilə qədərdir.