Bakıda beynəlxalq konfrans keçirilib

Bakıda Avropa Su İdmanı Federasiyasının (“European Aquatics”) Konqresi çərçivəsində “Waves of Change – DEI & I” (Dəyişiklik Dalğaları: müxtəliflik, bərabərlik, inklüzivlik və dürüstlük) mövzusunda konfrans təşkil olunub.
Apasport.az xəbər verir ki, tədbirdə milli federasiyaların nümayəndələri, beynəlxalq ekspertlər və idman ictimaiyyətinin üzvləri iştirak ediblər.
Konfransın əsas məqsədi su idmanında müxtəliflik, bərabərlik, inklüzivlik və dürüstlük prinsiplərinin gücləndirilməsi, təhlükəsiz idman mühitinin yaradılması və beynəlxalq təcrübənin paylaşılması olub.
Tədbirin açılışında “European Aquatics”in prezidenti Antonio Silva, baş katibi Noam Tsvi, Büro üzvü Qrem Marçbank, Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) vitse-prezidenti Jalə Əhmədova və baş katibi Oqtay Atayev çıxış ediblər.
Antonio Silva konfransın təşkilinə görə ASF-yə təşəkkürünü bildirərək iştirakçıları fəal müzakirələrə və təcrübə mübadiləsinə çağırıb. Noam Tsvi müxtəliflik və inklüzivlik sahəsində əldə olunan irəliləyişlərdən danışıb. Qrem Marçbank isə idmançılar, məşqçilər, hakimlər və idman idarəçiliyi sahəsində bərabər imkanların yaradılmasının vacibliyini vurğulayıb.
Jalə Əhmədova çıxışında bildirib ki, idmanda insanın milliyyəti, cinsi, fiziki imkanları və sosial mənsubiyyəti deyil, onun əzmi, bacarığı və zəhməti əsas götürülməlidir. O, həmçinin şəffaf idarəetmənin, ayrı-seçkiliyə qarşı mübarizənin və idmançıların hüquqlarının qorunmasının əhəmiyyətini qeyd edib.
Oqtay Atayev isə Bakının 2026-cı ildə bir sıra nüfuzlu beynəlxalq idman tədbirlərinə ev sahibliyi etdiyini xatırladıb. O, idmanın yalnız medallar uğrunda mübarizədən ibarət olmadığını, həm də insanları birləşdirən universal dəyərləri özündə əks etdirdiyini bildirib.
Konfrans çərçivəsində Çexiya, İsveç, İspaniya və Böyük Britaniyanın üzgüçülük federasiyalarının nümayəndələri öz təcrübələrini bölüşüblər.
Tədbirdə çıxış edən paralimpiyaçı Könül Süleymanova idmanın fiziki məhdudiyyətli şəxslərin potensiallarını üzə çıxarmalarına, özünəinam qazanmalarına və cəmiyyətə inteqrasiyalarına müsbət təsir göstərdiyini vurğulayıb.
Qeyd edək ki, oktyabrın 8-də başlayan “European Aquatics Congress” ayın 10-dək davam edəcək.