Fabio Luk-Notaro: Qazandığımız hər xalı qeyd edirik

Lixtenşteyn millisinin futbolçusu Fabio Luk-Notaro Azərbaycanla oyundan sonra "Apasport"un suallarını cavablandırıb.
– Oyunla bağlı təəssüratlarınız necədir? – Yaxşı oyun oldu. Çətin qarşılaşma idi. Bu oyun üçün çox əziyyət çəkməli olduq. Düşünürəm ki, rəqibin qarşısını almaq üçün əlimizdən gələni etdik. Əlbəttə, bir qədər də bəxtimiz gətirdi, amma sonda istədiyimizi əldə etdik.
– Oyundan əvvəl Azərbaycan millisinin futbolçularından hər hansı birini tanıyırdınız? – Xeyr, Azərbaycan futbolçularından heç birini tanımırdım. Amma bu gün onlarla tanış olmaq xoş oldu.
– Azərbaycan millisində yaxşı futbolçular var? – Bəli, yaxşı futbolçuları var.
– Xüsusi olaraq kiminsə adını çəkə bilərsiniz? – Xüsusi bir ad? Xeyr, buradakı adları yadda saxlamaqda yaxşı deyiləm.
– Bəs nömrə? – Düşünürəm ki, 8 nömrə (red. - Emin Mahmudov) çox yaxşı futbolçudur. Ondan xoşum gəldi. Növbəti oyunlarda çox yaxşı işlər görəcək.
– Oyundan əvvəl bu qarşılaşmada xal qazanacağınıza inanırdınız? – Bəli. Hər oyuna çıxanda məqsədimiz ən azı bir, yaxud üç xal qazanmaq olur. Bu mentalitetlə meydana çıxırıq.
– Bu, sizin üçün xüsusi xaldır? – Bəli, hər xal bizim üçün xüsusidir. Qazandığımız bütün xallara sevinirik. Bilirsiniz, biz kiçik ölkəyik və qazandığımız hər xalı qeyd edirik.