İdman24
Döyüş İdmanı · APA Sport

Yığmamız vətənə qayıdıb

Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatında uğurlu çıxış edən yunan-Roma güləşi üzrə Azərbaycan millisi vətənə qayıdıb.

Apasport.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda 2 qızıl və 1 gümüş medal qazanaraq komanda hesabında ikinci yeri tutan yığmanın qarşılanma mərasimi keçirilib.

Milli komandanın böyük məşqçisi Nurəddin Rəcəbov dünya çempionatının yüksək səviyyədə keçdiyini bildirib. O, qazanılan qızıl medalları tarixi nəticə kimi qiymətləndirib:

“Bu dünya çempionatı çox güclü keçdi. Qızıl medallarımızı tarixi nəticə saymaq olar. Eldəniz Əzizli beşqat dünya çempionu oldu və Sənan Süleymanov olimpiya çəkisində 15 ildən sonra ölkəmizə dünya çempionatında qızıl medal qazandırdı. Qarşıdan gələn Olimpiya Oyunlarına ümidimiz daha da artdı. Çünki idmançılarımızı bu yarışlarda görüb onların nəyə qadir olduğunu tam hiss edirik.

Bəzi səhvlərimiz var. Medallarımız daha çox ola bilərdi. Bəzi görüşlərdə tələskənliklər oldu. Bu səhvləri aradan qaldıra bilərik. Dünyada ikinci yeri tutmaq həqiqətən qürurvericidir.

Azərbaycan Güləş Federasiyasına, Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə təşəkkürümü bildirirəm. İlboyu təlim-məşq toplantıları və vitaminlərlə təmin olunduq. Bu medallarda əməyi olan valideynlərə və bütün məşqçilərə təşəkkür edirəm”.

55 kq çəki dərəcəsində qızıl medal qazanan Eldəniz Əzizli də komandanın nəticəsini yüksək qiymətləndirib. Beşqat dünya çempionu qarşıda daha mötəbər yarışların olduğunu vurğulayıb:

“Həqiqətən çox sevincliyik, xüsusi hisslər keçiririk. Sevincli olmağımızın səbəbi tək özümüz üçün yox, həm də komanda üçündür. Dünya ikincisi olmağımız Azərbaycan idmanı üçün böyük nəticədir. Bizi qarşıda daha mötəbər yarışlar gözləyir. Müəyyən səhvlərimiz var. Onları düzəldib, yeni ildən yarışlara start verərək daha uğurlu nəticələr qazanmağa çalışacağıq”.

77 kq çəki dərəcəsində dünya çempionu olan Sənan Süleymanov isə uzun müddətdir arzuladığı qələbəni qazandığı üçün sevincini bölüşüb. O, əvvəlki iki final məğlubiyyətindən sonra bu dəfə məqsədinə çatdığını bildirib:

“Dünya çempionatında üçüncü dəfə finalda güləşdim. Həmişə bu kəmərin arzusunda olmuşam, dünya çempionu olmaq istəmişəm. İki dəfə finalda məğlub olmuşam, amma bu dəfə doğrudan da çox yaxşı hazırlaşmışdım və şükürlər olsun ki, istəyimə nail oldum, dünya çempionu oldum.

Dünya çempionatında zəif rəqib yoxdur, hər biri ciddi rəqibdir. Çempionata getməmişdən bir müddət əvvəl rəqiblər bəlli olur. Təlim-məşq toplanışlarında bütün rəqibləri təhlil edirik. Rəqiblərimə qarşı yaxşı hazırlaşmışdım. Allaha şükür ki, nəticə istədiyim kimi oldu”.

63 kq çəki dərəcəsində gümüş medal qazanan Nihat Məmmədli isə final görüşündəki məğlubiyyətinə baxmayaraq, ruhdan düşmədiyini və hədəfinin dəyişmədiyini söyləyib:

“Özümə inanırdım. Məqsədim ikinci dəfə dünya çempionu olmaq idi. Final görüşünə də yaxşı başlamışdım. Sevimli fəndimi işlətdim. Amma daha sonra baş verənlər bir az planlarımı pozdu. Əks-fəndə düşdüm. Daha sonra rəqib xalda önə keçdi və məğlub oldum. Ruhdan düşmürəm. Yenidən eyni məqsədlə yoluma davam edəcəyəm”.

Orijinal mənbə

İdman24 əsas səhifə