Dünya çempionatı: 4 cüdoçumuz tatamiyə çıxacaq - YENİLƏNİR

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında bu gün beşinci yarış gününün görüşləri baş tutacaq.
Apasport.az xəbər verir ki, Milli Gimnastika Arenasında Azərbaycan millisinin 4 üzvü tatamiyə çıxacaq.
Təmsilçilərimiz qadınların -70 kq, kişilərin isə -90 kq çəki dərəcələrində mübarizə aparacaqlar.
Qadınların yarışında Südabə Ağayeva mübarizəyə 1/32 finaldan başlayacaq. Onun ilk rəqibi İspaniya təmsilçisi Ai Tsunoda Roustant olacaq.
Kişilərin -90 kq çəki dərəcəsində Elcan Hacıyev 1/32 finalda ABŞ cüdoçusu Aleksander Knaufla üz-üzə gələcək. Süleyman Şükürov isə eyni mərhələdə norveçli Kornelius Eylertsenlə qarşılaşacaq.
Bu çəkidə Azərbaycanın digər təmsilçisi Murad Fətiyev yarışa 1/16 finaldan qoşulacaq. O, Yahor Varapayev (Belarus) – Teodoros Tselidis (Yunanıstan) görüşünün qalibi ilə qarşılaşacaq.
Təsnifat mərhələsinə saat 10:30-da start veriləcək. Medalçıların müəyyənləşəcəyi final bloku isə saat 18:00-da başlayacaq.
Görüşlər “CBC Sport” və “Judo TV” vasitəsilə canlı yayımlanacaq. Yarışı arenadan izləmək istəyən azarkeşlər biletləri iTicket.az platformasından əldə edə bilərlər.
Qeyd edək ki, Bakıda təşkil olunan dünya çempionatı oktyabrın 11-də başa çatacaq.