“Neftçi” 1000-cü oyununu Qəbələdə keçirəcək - STATİSTİKA

Misli Premyer Liqasının VI turu ölkə futbolu tarixində əlamətdar hadisə ilə yadda qalacaq.
Apasport.az xəbər verir ki, ilk dəfə komandalardan birinin yüksək dəstədəki oyun sayı “1000”ə çatacaq.
Dördrəqəmli ədədə ilk çatan klub “Neftçi” olacaq.
Bakı klubunun Azərbaycan çempionatlarının yüksək dəstəsindəki 1000-ci matçı səfərdə baş tutacaq. “Ağ-qaralar” Qəbələ səfərinə qədər 999 matça çıxıb.
Ölkə çempionatları tarixində yalnız iki komanda – “Neftçi” və “Qarabağ” daim yüksək liqada oynayıb. Komandaların yarımçıq qalan çempionatlardakı oyun sayı da eynidir. Üstəlik, “Qarabağ”ın 1993 mövsümündəki yarımfinal və final matçları varsa, “Neftçi”nin iki “Qızıl oyun”u var. Bu göstəricilər bərabər olduğundan cari çempionatın startı ərəfəsində də tarazlıq var idi. 994 matça çıxan klubların ikisi də 1000-ə doğru gedirdi. Amma II turun “Kəpəz”lə oyunu təxirə salınan “Qarabağ” əlamətdar yubiley üçün daha bir tur gözləməli olacaq. Üstəlik, VI turdan sonra milli komandaların oyunları ilə əlaqədar fasilə yaranacağından iki yubiley arasında təxminən 3 həftə olacaq.
1000-ci oyunu əsas və prinsipial rəqibindən daha tez keçirməsində təxirə salınmanın rolu olan “Neftçi”nin özünün ilk görüşü də eyni səbəbdən gecikib. 1992-ci ildə - ilk ölkə çempionatında I turun “İnşaatçı” ilə Bakı derbisi təxirə salınıb. Buna rəqibin İran səfəri səbəb olub. Nəticədə “Neftçi” 3-cü turda, əksər komandalar artıq 2 matça çıxdıqdan sonra Azərbaycan çempionatına qoşulub.
Beləliklə, 1992-ci il mayın 8-i “Neftçi” üçün müstəqillik dövründə ilk oyunla əlamətdar olub. Həmin gün indiki Tofiq Bəhramov adına Respublika Stadionunda rəqib Sumqayıt “Xəzər”i idi. Tarixi görüşü 3000 seyrçi izləyirdi. “Neftçi”nin ölkə çempionatları tarixindəki ilk “11-liy”i isə belə olub: Dmitri Kramarenko, Novruz Əzimov, Əsgər Abdullayev, Arif Əsədov, Rasim Abuşov, Emin Ağayev, İlham Qəmbərov, Vadim Nasenko, Təbriz Həsənov, Yunis Hüseynov, Samir Ələkbərov. Zaur Babayev və Bəxtiyar Musayev isə sonradan meydana daxil olublar.
“Neftçi”nin ilk rəqibi həmin vaxt “ağ-qaralar” qədər tanınmış olmasa da, heyətində kifayət qədər tanış adlar olub. Sumqayıt klubunda oynayanlar arasında ya əvvəl, ya da sonra paytaxt təmsilçisində çıxış edənlər də yetərincə idi. Elxan Həsənov, Mehman Yunusov, Vüqar İsmayılov, Azad Mütəllimov, Yaşar Vahabzadə, Vaqif Sadıqov, Nazim Əliyev, Mübariz Orucov, Azər İsayev, Aqil Məmmədov və Taleh Nurmətovun start heyətində yer aldığı görüşdə Zahir Əsgərov sonradan meydana daxil olub.
“Neftçi”nin ilk oyundakı rəqibinin qapıçısı Elxan Həsənovun “ağ-qaralar”ın tarixində öz yeri var. O, klubun Azərbaycan çempionatında ən çox oyun keçirən qolkiperidir. Həsənov 132 görüşdə paytaxt təmsilçisinin “1 nömrə”si olub. Maraqlıdır ki, o, yenə əsas rəqibin düşərgəsində - “Qarabağ”ın məşqçilər korpusunda yer alıb. Digər qapıçılara gəlincə, Saşa Stamenkoviç 98, Aqil Məmmədovla Vladimir Miçoviç hərəyə 92 dəfə “Neftçi” ilə çempionat görüşünə çıxıb.
SSRİ çempionatındakı son oyunu 1991-ci il noyabrın 8-nə təsadüf edən “Neftçi” müstəqillik dövrünün ilk matçını düz 6 ay gözləyib. Düzdür, ittifaq dövründəki son rəqib Ermənistan “Kotayk”ı Bakıya gəlmədiyi üçün texniki qələbə alan “ağ-qaralar”ın meydana çıxdığı son görüş noyabrın 5-də baş tutub. Stavropol “Dinamo”suna 1-ci dəstədəki 2:3 hesablı məğlubiyyətdən sonra yeni startın gözləntisi uzun sürüb. SSRİ və ya MDB çempionatı, ya da buna bənzər birləşmiş turnir yaradılması mümkün olmadıqda isə diqqətlər yeni təşkil olunan ilk ölkə çempionatına yönəlmişdi.
34 il 4 ay əvvəl baş tutan “Xəzər”lə görüşün taleyini isə bir qol həll edib. Matçın baş hakimi Gülağa Cabbarovun təyin etdiyi penalti “Neftçi”yə müstəqillik tarixinə qələbə ilə start vermək şansı yaradıb. Yunis Hüseynov 11 metrlik nöqtədən klub tarixinə bu əlamətdar qolun müəllifi kimi düşüb. Maraqlıdır ki, Hüseynov yarım il ərzində ikinci dəfə tarixi qol vurub. O, 1991-ci il noyabrın 5-də Stavropol “Dinamo”su ilə görüşdə “Neftçi”nin SSRİ dövründəki son qolunun müəllifi kimi də tarixə düşüb.
“Neftçi”nin Azərbaycan çempionatlarındakı ən yaxşı bombardiri Samir Ələkbərovdur. 999 matçdan ibarət tarixdə böyük üstünlük qazanan hücumçu 99 dəfə rəqib qapılarına yol tapıb. “Neftçi” Qəbələdə 999-u 1000-ə çevirəcəksə, ən yaxşı bombardiri karyerasını bitirdiyi vaxtadək 99-u 100-ə dəyişə bilməyib. 200-dən çox futbolçunun qol vurduğu “Neftçi”nin çempionatdakı ikinci ən yaxşı bombardiri Qurban Qurbanovdur. Uzun illərdir “ağ-qaralar”ın əsas rəqibi “Qarabağ”ın baş məşqçisi olan sabiq qoleador 66 dəfə rəqiblərinin, o cümlədən indiki komandasının da qapısına yol tapıb. “Neftçi”nin ilk qolunun müəllifi olan Yunis Hüseynov isə bu siyahıda hələlik 3-cüdür. Amma 58 qola malik futbol veteranı Emin Mahmudovun “nəfəsini hiss edir”. İndiki kapitan keçmiş kapitandan 2 top geridədir.
Bombardirlər siyahısında “üçlüy”ü “qovan” Emin Mahmudovun əlçatmaz olduğu rekord da var. Kapitan klub tarixində Azərbaycan çempionatında ən çox oyun keçirən futbolçudur. İndiyədək 242 matça çıxan Mahmudov izləyicilərini böyük fərqlə qabaqlayır. Rəhman Hacıyev 196 oyunla ikincidirsə, “üçlüy”ü qapayan İqor Getman 182 dəfə şans qazanıb. 999 matçda meydana çıxanların ümumi sayı isə artıq 400-ü keçib.
1992-ci il mayın 8-də keçirilən qarşılaşmada “Neftçi”yə Əhməd Ələsgərov rəhbərlik edib. Azərbaycan məşqçilik məktəbinin “ağsaqqal”ı ilə başlayan tarixdə ümumilikdə 33 mütəxəssis “ağ-qaralar”ı çempionat görüşünə çıxarıb. Onlar arasında komandanın müstəqillik illərindəki sabiq futbolçuları da olub, klubdakı yeni simalar da, legionerlər də. Baş məşqçilər arasında çempionatdakı oyun sayında rekordçu Kazbek Tuayev “ağ-qaralar”a 132 dəfə rəhbərlik edib. Samir Abasov 86, Böyükağa Hacıyev 84 görüşdə “Neftçi”də söz sahibi olub.
999 oyuna çıxan “Neftçi” bu matçlarda 549 qələbə qazanıb və 550-ci zəfər üçün 1000-ci matça çıxacaq. Qalibiyyətlər arasında Qusar “Şahdağ”ı üzərində 11:0, Sumqayıt “Xəzər”i ilə matçdakı 10:0 hesablı parlaq qələbələr də var. Ümumiyyətlə, “ağ-qaralar” 1-dən 11-ə qədər bütün hesablarla quru qələbələr qazanıb