İdman24
Digər · APA Sport

Qurban Qurbanov: “Daha diqqətli olmaq lazımdır”

Misli Premyer Liqasının XI turunda "Qarabağ" "Turan Tovuz"u qəbul edib - 0:1.

Apasport.az xəbər verir ki, matçdan sonra meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

"Xalqımızı Zəfər günü münasibətilə təbrik edirəm. Oyuna gəldikdə, daha yaxşı ola bilərdik. Qalib gəlmək istəyirdik. Ümumən futbolçuların məsuliyyətindən və oyuna yanaşmasından razı qaldım. Yaxşı müdafiə olunan və sürətli əks-hücumlar quran bir kollektivə qarşı oynayırdıq. Rəqibə qapımızda yüz faizli qol epizodu yaratması üçün şərait yaratmadıq. Autdan sonra top bizə keçdi, sonra onlara, nəticədə qol oldu. Yəqin bu, onların haqqı idi. Rəqibi təbrik edirəm. "Turan Tovuz" bir neçə turdur inamlı təsir bağışlayır. Yolumuza davam edəcəyik. Texniki çatışmazlıqlar var. Qarşıda milli fasilə olacaq. Bundan faydalanmağa çalışacağıq. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm".

- "Qarabağ" qol epizodlarını dəyərləndirə bilmir. Bu, problemdir?

- Hər ad vermək olar. Daha diqqətli olmaq lazımdır. Bəxtsizlik demək istəmirəm. Futbolçular daha dəqiq və soyuqqanlı olmalıdırlar. Əvvəllər də demişdim ki, bir-birimizi tamamlamaqda çatışmazlıqlar var. İstənilən rəqib liderlərə qarşı daha yığcam, daha sağlam müdafiə olunur. Bu, onların qarşılarına qoyduğu ilk oyun fəlsəfəsidir. Belə rəqibə qarşı yaxşı hücumlarımız oldu. Hər bir halda hücum xəttində ustalığı yaxşılaşdırmaq lazımdır.

- Uzun müddətdir "Azersun Arena"da oynamırdız. Məğlubiyyətin səbəblərindən biri də stadionun dəyişməsi ola bilər?

- Xeyr, deməzdim. Burada dəfələrlə oynamışıq, bizim doğma arenamızdır. "Turan Tovuz"a Tofiq Bəhramov adına Respublika Stadionunda da məğlub olmuşuq. Bu, futboldur. Pozitiv şəkildə önə baxmaq lazımdır.

- Futbolçuların bir-birinə uyğunlaşma prosesinin bu qədər uzun çəkəcəyini gözləyirdiz?

- Bəlkə də gözləmirdim. Amma yaxşı hisslər var. Yeni futbolçular artıq özlərinə gəlməyə başlayırlar. Zədəli futbolçularımız da olmuşdu. Son vaxtlar pozitiv oyun görürəm. Düzəltməyə çalışacağıq.

Orijinal mənbə

İdman24 əsas səhifə