İdman24
Digər · APA Sport

Elmar Baxşıyev: “Bu nəticə hamı üçün gözlənilməz oldu”

“Azərbaycan klublarının bu mərhələni keçəcəyinə ümid var idi”.

Bunu Apasport.az saytına açıqlamasında “Araz-Naxçıvan”ın sabiq baş məşqçisi Elmar Baxşıyev deyib.

Mütəxəssis Konfrans Liqasının II təsnifat mərhələsində mübarizəni dayandıran “Zirə” və “Neftçi”nin çıxışını dəyərləndirib:

“İlk oyunlardan sonra da görünürdü ki, həm “Zirə”, həm də “Neftçi” heyət və oyun baxımından rəqiblərindən üstün idi. Təbii ki, hər iki komandanın bu mərhələdə dayanması hamı üçün gözlənilməz oldu. Püşk də münasib idi və daha da irəli getmək mümkün görünürdü”.

Elmar Baxşıyev bildirib ki, qarşılaşmalar əsasən taktiki mübarizə şəraitində keçib:

“Hər iki oyun daha çox taktiki mübarizə ilə yadda qaldı. Komandalar oyun intizamını sona qədər qoruyub görüşləri penaltilər seriyasına daşımaq istəyirdilər və buna nail oldular. Amma Çempionlar Liqasındakı uğurdan sonra Konfrans Liqasının II təsnifat mərhələsində dayanmaq, əlbəttə ki, xoş deyil”.

Sabiq baş məşqçi komandaların qol imkanlarından yararlana bilməməsini əsas səbəblərdən biri kimi göstərib:

“Hər iki komandamız çoxsaylı qol epizodlarını dəyərləndirə bilmədi və bununla da rəqibə şans verdi. Halbuki, qol imkanlarından istifadə səviyyəsi yüksək olsaydı, oyunları daha rahat başa vurmaq mümkün idi. Bizdən üstün olmayan rəqiblərə qarşı II təsnifat mərhələsində mübarizəni dayandırmaq çox ağır oldu”.

Mütəxəssis digər Azərbaycan təmsilçilərinin şanslarını da qiymətləndirib:

“Hər üç klub bu cütlərdə favorit hesab olunurdu və bu nəticələr ümumilikdə Azərbaycan klublarına mənfi təsir edəcək. İndi “Sabah”ın “Orhus”la oyunda uğurlu nəticə qazanacağı təqdirdə daha da irəli getmək imkanı var. “Qarabağ” isə Konfrans Liqasının liqa mərhələsinə yüksəlmək üçün qarşıdakı iki mərhələdə toparlanmalıdır”.

Onun sözlərinə görə, klublar öz inkişaf strategiyalarını düzgün davam etdirməlidirlər:

“Hər bir klubun öz siyasəti və fəlsəfəsi var. Transfer və inkişaf strategiyasını da ən düzgün şəkildə özləri müəyyənləşdirib davam etdirməlidirlər. Hazırkı vəziyyətdə daha çox şanslı görünən komanda “Sabah”dır. Bununla belə, “Qarabağ”ın da növbəti mərhələlərə yüksəlmək şansı yüksəkdir”.

Orijinal mənbə

İdman24 əsas səhifə