İdman24
Futbol · APA Sport

UEFA İnfantinodan əl çəkmir – FIFA prezidentini devirmək üçün yeni plan

UEFA Canni İnfantinonun FIFA prezidenti vəzifəsindən uzaqlaşdırılması istiqamətində fəaliyyətini davam etdirmək niyyətindədir.

Apasport.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Avropa futbol qurumu FIFA turnirlərini boykot etmək planından geri çəkilsə də, İnfantinonun rəhbərlikdən getməsi ilə bağlı mövqeyini dəyişməyib.

UEFA-nın əsas planı 2027-ci ilin martında keçiriləcək FIFA prezident seçkilərində İnfantinoya qarşı vahid namizəd irəli sürməkdir. BBC-nin məlumatına görə, Avropa qurumu uyğun namizədin tapılacağına inanır. Seçkidə qələbə üçün FIFA-nın 211 üzvündən 106-nın səsi tələb olunur.

Bununla yanaşı, İnfantinoya qarşı etimadsızlıq səsverməsinin keçirilməsi variantından imtina edilib. Belə qərarın qəbul olunması üçün üzv assosiasiyaların dörddə üçünün – 159 ölkənin dəstəyi lazımdır ki, UEFA bunu hazırkı şəraitdə real hesab etmir.

Hələlik İnfantinoya qarşı konkret namizəd müəyyənləşməyib. CONCACAF prezidenti Viktor Montalyaninin mümkün namizədlərdən biri olduğu bildirilir. Prezidentliyə namizədlərin noyabrın 18-dək rəsmən təqdim olunması tələb olunur.

Qeyd edək ki, UEFA ilə FIFA arasında gərginliyin əsas səbəblərindən biri FIFA-nın turnirlərinin kommersiya hüquqlarının bir hissəsini özəl investorlara satmağı nəzərdə tutan “FIFA Forward Enterprise” layihəsi olub. FIFA sonradan bu plandan imtina edib.

Orijinal mənbə

İdman24 əsas səhifə