Futbol · APA Sport
AFFA “Qarabağ” və “Neftçi”ni cərimələyib

Misli Premyer Liqasının VIII turunda keçirilən “Qarabağ” – “Neftçi” oyunu ilə bağlı cəzalar açıqlanıb.
Apasport.az xəbər verir ki, “Qarabağ” azarkeşlərinin rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsinə görə 5000 manat cərimələnib.
“Neftçi” isə iki ayrı pozuntuya görə ümumilikdə 3700 manat cərimə ödəyəcək. Komandanın beş futbolçusu sarı vərəqə aldığı üçün 700 manat, azarkeşlərinin pirotexniki vasitələrdən istifadəsinə görə isə 3000 manat cərimə tətbiq olunub.
Bundan başqa, görüşün 90+4-cü dəqiqəsində stadiona kiçik zərər vuran “Neftçi”nin mətbuat katibi Asəf Zeynallıya xəbərdarlıq edilib. Dəymiş zərər yerində ödənilib.
Qeyd edək ki, oktyabrın 17-də keçirilən qarşılaşma 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.