Rəhman Hacıyev: “Niyə də liderliyə yüksəlməyək?”

“Kəpəz”in futbolçusu Rəhman Hacıyev “İmişli” ilə oyundan sonra “Apasport”a müsahibə verib.
– “İmişli” üzərində qələbəni necə dəyərləndirirsən? – Çox xoşbəxtik. Bu qələbəni qazanmağı çox istəyirdik. Oyunlara necə hazırlaşdığımızı, nə qədər əziyyət çəkdiyimizi Allah görür və bunun bəhrəsini verir. Şükürlər olsun ki, qalib gəldik. Artıq bu oyun bizim üçün geridə qaldı. İndi növbəti qarşılaşmanı düşünməliyik. İnşallah, həmin oyuna da yaxşı hazırlaşacağıq.
– “Kəpəz” beşinci pillədə qərarlaşıb və liderdən cəmi 4 xal geri qalır. Demək olar ki, hədəfinizə çatmısınız, yoxsa daha yüksək yerləri düşünürsünüz? – Xeyr, bizim elə bir hədəfimiz yoxdur ki, dördüncü və ya beşinci yerlə kifayətlənək. Niyə də daha yuxarı pillələrə qalxmayaq? Niyə də liderliyə yüksəlməyək? Futboldur, nə qədər çox istəsən, çox çalışsan, hər şeyə nail olmaq mümkündür. Mən həm özümə, həm də komandama güvənirəm. İnanıram ki, bundan da yaxşı nəticələr əldə edə bilərik.
– Qarşıda sizi iki ağır oyun gözləyir. Rəqiblər “Neftçi” və “Qarabağ”dır. Bu matçlar barədə nə deyə bilərsən? – Bizi çox çətin qarşılaşmalar gözləyir. “Neftçi” də son illərlə müqayisədə çox yaxşı formaya düşüb. Bilirik ki, asan olmayacaq. Amma özümüzə güvənirik. Heç bir komandadan çəkinmirik. İnşallah, meydana qələbə qazanmaq üçün çıxacağıq.
– Həm sənin, həm də Namik Ələskərovun cərimə zərbəsindən vurduğu qolları izləmişik. Bu gün Namikin vurduğu qol barədə nə deyə bilərsən? – Komanda yoldaşlarımız da şahiddir ki, Namik topu cərimə zərbəsi üçün yerə qoyanda dedim ki, bu, yüz faiz qoldur. Hiss edirdim ki, vuracaq. Şükürlər olsun ki, elə də oldu. Buna çox sevindim. Çünki Namik zədə almışdı və düşünürəm ki, bu qol ona əlavə motivasiya verəcək. Onun adına çox şadam. Əsas odur ki, bizim üçün vacib olan üç xalı qazandıq.