“Qarabağ”dan 8-ci transfer - RƏSMİ

2026/27 mövsümünün transfer çalışmalarını davam etdirən "Qarabağ" növbəti futbolçu keçidini gerçəkləşdirib.
Apasport.az xəbər verir ki, Macarıstanın “Ferentsvaroş” klubu ilə danışıqlar uğurla yekunlaşıb və Cebrail Makreçkis "köhlən atlar"a transfer olunub.
Latviyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. 26 yaşlı futbolçu 2029-cu ilin yayına qədər Ağdam təmsilçisinin heyətində çıxış edəcək. O, 25 nömrəli formanı geyinəcək.
Almaniyada doğulan və Leverkuzen “Bayer”inin yetirməsi olan futbolçu peşəkar karyerası ərzində “Bonner”, “Borussiya” (Dortmund), “Viktoriya” (Berlin), Bolqarıstanda “Pirin” (Blaqoevqrad) klublarında da çıxış edib. O, 2018-ci ildə Latviyanın U-19 milli komandasının formasını geyinib.
Qeyd edək ki, Cebrail Makreçkis yay transfer pəncərəsində "Qarabağ"ın 8-ci transferidir. Daha əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa, Martin Zlomisliç, Renaldo Sefas və Bense Varkonyi kluba qoşulub.