Mançester derbisində hakim səhvi etiraf edildi – Haalandın qolu sayılmamalı idi

İngiltərədə peşəkar hakimliyə cavabdeh olan “Pro Ref” Premyer Liqanın IV turunda keçirilən “Mançester Yunayted” – “Mançester Siti” derbisində hakim səhvinə yol verildiyini açıqlayıb.
Apasport.az xəbər verir ki, qurum qonaqların 1:0 hesablı qələbəsiylə bitən matçda Erlinq Haalandın qolunun qeydə alınmasında səhv edildiyini etiraf edib.
60-cı dəqiqədə vurulan qol əvvəlcə ofsayd səbəbindən ləğv edilib. VAR yoxlamasından sonra Haalandın oyundankənar vəziyyətdə olmadığı müəyyənləşdirilib və qol qeydə alınıb. Lakin epizodda ofsaydda olan Enzo Fernandesin topa müdaxilə etməyə çalışmasının müdafiəçilərə təsiri nəzərə alınmayıb.
“Pro Ref” VAR hakiminin həmin məqamı düzgün qiymətləndirmədiyini və baş hakimə epizodu meydançanın kənarındakı monitordan yenidən izləməyi tövsiyə etməli olduğunu bildirib. Qurum bunu “qiymətləndirmə səhvi” adlandırıb və məsələ ilə bağlı “Mançester Yunayted”lə əlaqə saxladığını açıqlayıb.
Qeyd edək ki, “Mançester Siti” “Old Trafford”da keçirilən derbidə Haalandın yeganə qolu ilə 1:0 hesablı qələbə qazanıb. “Şəhərlilər” Fil Fodenin 23-cü dəqiqədə qırmızı vərəqə almasından sonra oyunun böyük hissəsini 10 nəfərlə keçiriblər.