Elhad Nəziri: Bu, futbolçuların mənə olan sevgisidir

I Liqanın 2-ci turunda “Gəncəbasar” “Xankəndi”ni qəbul edib - 2:1.
Matçdan sonra meydan sahiblərinin baş məşqçisi Elhad Nəziri “Apasport”un suallarını cavablandırıb.
– Oyunla bağlı fikirləriniz necədir? – Matçın çətin olacağını bilirdik. “Xankəndi”nin “Səbail”lə 1:1 hesablı heç-heçə etdiyi oyuna 90 dəqiqə canlı baxmışdım. Həm xarakter, həm də təcrübəli futbolçular baxımından kifayət qədər yaxşı heyətləri var. Rəqibin hansı üslubda oynadığını analiz etmişdik. Çalışdıq ki, onların daha yaxşı bacardıqları gedişlərin qarşısını alaq. Sadəcə futbolçularımı təbrik edirəm. Verdiyim tapşırıqların öhdəsindən gəldilər. Artıq növbəti oyuna hazırlaşacağıq.
– Komandanın hazırkı durumu necədir? Bu il üçün hədəfiniz nədir? – Sözün açığı, komandamız əsasən gənclərdən formalaşıb. Bu, meydançada da görünür. Rəhbərliklə ilk söhbətimiz zamanı qarşımıza çempionluq hədəfi qoyulmuşdu. Sadəcə vaxt problemi və futbolçu qıtlığı səbəbindən planımızı dəyişərək gənclərdən ibarət yaxşı komanda formalaşdırmaq istiqamətində getdik.
Yenə də deyirəm, komandamız gənclərdən ibarət olsa da, bacardığımızın ən yaxşısını edəcəyik. Futbolçularıma hər zaman bildirirəm ki, istəsəniz, Azərbaycanda yaxşı futbolçu ola bilərsiniz. Əsas odur ki, həm düşüncə, həm də ürəklə meydançada üzərinizə düşən vəzifəni layiqincə yerinə yetirəsiniz. Verdiyimiz tapşırıqları düzgün icra etsələr, inşallah, gözəl nəticələr əldə edəcəyik.
– Meydançada qazonun saraldığı görünürdü. Diqqətinizə çarpdı? – Bu meydança haqqında mənfi nəsə demək istəmirəm. I Liqada elə meydançalar var ki, onların fonunda bu, Azərbaycanın ən gözəl meydançalarından biridir. Buna görə də meydança ilə bağlı hansısa irad bildirməyin düzgün olmadığını düşünürəm.
- Dileyn Açimi ardıcıl iki matçda dubl etdi. Onunla fərdi danışığınız olub? – Ümumiyyətlə, tək Açimi ilə yox, bütün futbolçularımla təhlillər zamanı söhbət edirəm. Onların hansı potensiala sahib olduqlarını, daha yuxarı səviyyəyə gedə biləcəklərini özlərinin başa düşəcəyi dildə izah edirəm. Meydandan kənarda da bütün futbolçularımla dost, qardaş, bir ailənin üzvləri kimi davranmağa çalışıram.
Bəlkə də futbolçuların mənə olan sevgisidir ki, hər zaman əllərindən gələnin ən yaxşısını edirlər. Çünki onlar buna layiqdirlər. Nə qədər əziyyət çəkiblərsə, rəhbərlik sağ olsun, bunun bəhrəsini də artıqlaması ilə görürlər.
– Yeni transferiniz Kristupas Padegimas “Selye”dən gəlib. Meydana sonradan daxil olsa da, tam potensialını görmək mümkün olmadı. Fiziki durumu necədir? – Əslində, futbolçunun fiziki durumu normal idi. Sadəcə xəstələndiyi üçün fiziki durumunda geriləmə oldu. Amma qarşıda vaxtımız var. Növbəti oyunumuz “Mingəçevir”lədir. İnşallah, ondan sonra milli komandaların oyunları ilə əlaqədar fasilə olacaq. Həmin müddətdə istədiyimiz futbolçuları arzuladığımız formaya salmağa çalışacağıq.
– Bu gün belə gözəl stadionda oynayırsınız, amma sonrakı matçlarda şəraiti xeyli fərqli olan süni örtüklü meydançalarda çıxış etməli olursunuz. Bu dəyişiklik komandaya nə dərəcədə təsir edir? – Əlbəttə ki, mənfi təsir edir. Çox istəyərdim ki, I Liqadakı bütün meydançalar təbii örtüklü olsun. Bu, həm futbolçuların zədələrdən qorunması, həm də onların inkişafı baxımından çox yaxşı olardı. Amma təəssüf ki, infrastruktur baxımından əziyyət çəkirik. Bizim üçün də çox çətindir. Futbolçular təbii örtükdən süni örtüyə keçəndə ağrıları, zədələri olur.
Rəhbərlik sağ olsun ki, bizə belə gözəl şərait yaradıb. Bu, futbolçularımız üçün böyük stimuldur. Bəlkə də bir ay əvvəl futbolçularım düşünürdülər ki, görəsən, Gəncə şəhər stadionunda bizim də oyun keçirməyimiz qismət olacaq? Şükürlər olsun ki, rəhbərlik bizim üçün əlindən gələnin ən yaxşısını edib. Biz də göstərilən bu münasibətin qarşılığını qələbələrlə və qazandığımız xallarla vermək istəyirik.