Ziya Rəcəbov: “Heyətimiz Çempionlar Liqasında mübarizə üçün qurulub”

“Keçən ilki komanda sırf Azərbaycan çempionatı üçün yığılmışdı”.
Bu sözləri Apasport.az saytına açıqlamasında “Turan” voleybol komandasının baş məşqçisi Ziya Rəcəbov deyib.
Mütəxəssis heyətdəki dəyişiklikləri və komandanın qarşısına qoyulan hədəfləri dəyərləndirib.
O, ötənilki heyətlə indiki komanda arasında ciddi fərqlərin olduğunu bildirib:
“Baxmayaraq ki, 2-3 klub həm büdcə, həm də oyunçu baxımından bizdən öndə idi, çempionluğu qazandıq. Ötənilki heyətdən cəmi dörd oyunçu qalıb – ikisi yerli, ikisi əcnəbidir. Heyətə 11 yeni voleybolçu əlavə olunub. Azərbaycan çempionatının səviyyəsini aşağı qiymətləndirmək istəmirəm. Ancaq bu heyət sırf Çempionlar Liqasında mübarizə aparmaq üçün qurulub. Çünki avrokuboklarda çıxış edən komandaların səviyyəsi fərqlidir. Əsas məqsədimiz qrup mərhələsinə vəsiqə qazanmaqdır. İnanıram ki, bunun öhdəsindən gələcəyik”.
Rəcəbov klub rəhbərliyinin qarşıya qoyduğu hədəfə çatmaq üçün komandada kifayət qədər təcrübəli voleybolçunun olduğunu söyləyib:
“Qruplar artıq məlumdur. Türkiyə, İtaliya və Serbiya klubları var. Bunlar çox güclü komandalardır. Nə qədər irəli getsək, bir o qədər təcrübə qazanacağıq. Çünki bu mərhələdə məğlubiyyət belə təcrübədir. Biz artıq tarix yazmışıq. Niyə qrup mərhələsinə yüksəlməyək, Azərbaycan voleybolunda daha böyük uğurlara imza atmayaq? Mən buna ciddi şəkildə inanıram. Əlbəttə, qarşımızda çox güclü komandalar var. Ancaq nə qədər irəli getsək, nə qədər çox qələbə qazansaq, bu, bizim üçün bir o qədər böyük uğur və təcrübə olacaq. Əlimizdən gələni edəcəyik”.
Baş məşqçi hazırlıq prosesinin oyunçuların bir-birinə uyğunlaşması və çatışmazlıqların aradan qaldırılması baxımından əhəmiyyət daşıdığını dilə gətirib:
“İtaliyada 15 gün hazırlıq keçdik, daha sonra Türkiyəyə yollandıq. Əsas məqsədimiz oyunçuların bir-birinə uyğunlaşmasını təmin etmək və komandadakı çatışmazlıqları müəyyənləşdirmək idi. Yoxlama oyunlarında zəif nöqtələrimizi gördük və onların aradan qaldırılması üzərində çalışırıq. Bu qarşılaşmalar əsas heyətin formalaşdırılması baxımından da əhəmiyyətli oldu. Bizdə birinci və ikinci heyət anlayışı yoxdur. Bütün oyunçularımız təcrübəlidir. Ancaq meydana çıxacaq ilk altılığın müəyyənləşdirilməsi üçün bu oyunlar vacib idi”.
Rəcəbov qarşıdakı görüşün çətin keçəcəyini də bildirib:
“Qarşılaşmanın nəticəsi barədə əvvəlcədən ehtimal irəli sürmək istəmirəm. Çətin oyun olacaq. Ancaq komandamız uğur qazanmaq üçün əlindən gələni edəcək”.
Qeyd edək ki, “Turan” – “Mladost-Zaqreb” qarşılaşması bu gün saat 19:00-da başlayacaq.