Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”

“Qalatasaray”ın yarımmüdafiəçisi Aleksey Batrakov Türkiyədəki ilk təəssüratlarından və stadion atmosferindən danışıb.
Apasport.az xəbər verir ki, 21 yaşlı rusiyalı futbolçu Super Liqadakı oyun tempinə və azarkeş dəstəyinə uyğunlaşmağa çalışdığını bildirib.
“İlk oyunumda 65 min nəfərin eyni anda səs saldığı anı çox yaxşı xatırlayıram. Onda anladım ki, təəssüf ki, futbolçu kimi Rusiyada əsl azarkeş hərəkatını görməmişəm. Buna da alışmaq lazımdır. Hər oyunla özümü daha inamlı və sakit hiss edirəm”, – deyə Batrakov bildirib.
Futbolçu meydanda ünsiyyət qurmağın da çətin olduğunu vurğulayıb:
“Ehtiyat oyunçular skamyasında fit və səsləri daha güclü eşidirsən. Meydanda adrenalin çox olduğuna görə bunu o qədər hiss etmirsən. Amma bir-birimizə nəsə demək çətindir, heç nə eşidilmir. Rusiyada bəzən rəqib məşqçinin nə qışqırdığını belə anlamaq olurdu”.
Batrakov Türkiyə çempionatında tempin daha yüksək olduğunu da qeyd edib. Onun sözlərinə görə, burada hücumda daha sürətli qərar vermək, boşluqlara açılmaq və dərhal müdafiəyə qayıtmaq tələb olunur.
Qeyd edək ki, Batrakov “Qalatasaray”la 5 illik müqavilə imzalayıb və İstanbul klubundakı əsas hədəfinin titullar qazanmaq olduğunu bildirib.