İdman24
Digər · APA Sport

“İmişli” yenə güldürdü – Rəsmi səhifədə "Fənərbaxça" təbriki

“İmişli” rəsmi sosial şəbəkə hesabında Çempionlar Liqasının liqa mərhələsinə yüksələn "Fənərbaxça"nı təbrik edib. Yazı elə burda da bitə bilərdi, amma davam edək. Komandanın rəsmi səhifəsinə baxanda bir anlıq elə bilirsən ki, klub yox, Avropa futbolu üzrə xəbər portalıdır. Öz komandasının gündəliyi, problemləri, hədəfləri bir yana, əsas diqqət “Fənərbaxça”nın uğurlarındadır.

Klub səhifəsi azarkeşə “İmişli”ni tanıtmalı, komandanın kimliyini formalaşdırmalı, futbolçusunu, məşqçisini, akademiyasını önə çıxarmalıdır. Amma görünən odur ki, burada prioritetlər bir az qarışıb. Rəsmi hesabla fan səhifəsi arasındakı sərhəd itib.

“Fənərbaxça”nın Çempionlar Liqasının liqa mərhələsinə yüksəlməsini təbrik etmək ayrı səviyyədir. Görəsən sabah “Real” La Liqanı qazansa, “İmişli”dən paylaşım gözləyə bilərik? Və yaxud “Bavariya” Bundesliqada çempion olsa, təbrik postu da hazır olar yəqin.

Maraqlıdır, “İmişli”nin sosial media komandası öz klubunun auditoriyasını böyütmək, brend yaratmaq əvəzinə niyə başqa klubların uğurlarına bu qədər həvəslidir? Rəsmi səhifə kluba xidmət etməlidir, adminin şəxsi futbol zövqünə yox.

Belə davam etsə, Çempionlar Liqasının ilk turunun nəticələrini ayrıca yoxlamağa ehtiyac qalmayacaq. “İmişli”nin səhifəsinə girərik, həm nəticələri öyrənərik, həm də kimə azarkeşlik etməli olduğumuzu.

Bir klubun ciddiyə alınması üçün əvvəlcə klub özünü ciddiyə almalıdır. Ən azından, rəsmi platformalarını ciddi idarə etməlidir.

Orijinal mənbə

İdman24 əsas səhifə