“Kəpəz”in cərimələnməsinə səbəb olan azarkeş məsuliyyətə cəlb olunub

Misli Premyer Liqasının V turunda keçirilən “Kəpəz” – “Qəbələ” matçında qadağan olunmuş pirotexniki vasitədən istifadə edən azarkeş inzibati məsuliyyətə cəlb olunub.
Apasport.az xəbər verir ki, sentyabrın 12-də Gəncə Şəhər Stadionunda baş tutan qarşılaşmanın 64-cü dəqiqəsində V3 tribunasında məşəl yandıran tamaşaçı polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə aparılıb.
Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən pul cəriməsi tətbiq olunub. Ona belə halın təkrarlanacağı təqdirdə 15 günədək inzibati həbs cəzasının verilə biləcəyi bildirilib.
“Kəpəz” etik normaları nəzərə alaraq, ölkə qanunvericiliyini və Peşəkar Futbol Liqasının stadionlarda tətbiq etdiyi davranış qaydalarını pozan şəxsin ad-soyadını, foto və videogörüntülərini yayımlamayıb.
Klub bütün futbol azarkeşlərinə pirotexniki vasitələrin satışının, əldə olunmasının və istifadəsinin qanunvericiliyə əsasən qadağan olduğunu xatırladıb. Bildirilib ki, bu vasitələr düzgün istifadə edilmədikdə müxtəlif xəsarətlərə səbəb ola, kütləvi tədbirlər zamanı isə digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə yarada bilər.
Qeyd edək ki, azarkeşlərin pirotexniki vasitələrdən istifadəsinə görə AFFA İntizam Komitəsi son iki həftədə “Kəpəz”i iki dəfə cərimələyib. Gəncə təmsilçisi “Turan Tovuz”la oyundan sonra 3000, “Qəbələ” ilə matçdan sonra isə 5000 manat cərimə olunub.