Zaur Həşimov: “Xarakter böyük rol oynadı”

Misli Premyer Liqasının XIII turunda "İmişli" "Şəfa"nı qəbul edib - 1:3.
Apasport.az xəbər verir ki, matçdan sonra qonaqların baş məşqçisi Zaur Həşimovun mətbuat konfransı keçirilib.
"Qələbəyə çox ehtiyacımız var idi. Uşaqlar bacardıqlarından daha artığını etdilər. Şükürlər olsun ki, 3 xal qazana bildik. Oyun gərgin alındı. Birinci hissədə qismən də olsa, üstünlüyümüz var idi. Hesabda önə keçdik. Təəssüf ki, standart vəziyyətdən qol buraxdıq. Uşaqlar ikinci hissədə vururdular. Əks-hücumların birində üçüncü qolu vurduq və qələbə qazandıq".
- Qələbədə həlledici məqam nə oldu? - Müdafiədə minimum səhvə yol verdik. Bundan öncə də iki qol vurduğumuz oyunlar olmuşdu. Bu gün üç top vura bildik. Uşaqların xarakteri böyük rol oynadı.
- Rəhbərliyin sizə olan etimadını nə dərəcədə hiss edirsiz? - Klub rəhbərliyi ilə mütəmadi olaraq görüşürük. Son görüşdə də mənə etimadlarını göstərdilər.
- Musa Queli komandanın lideri hesab etmək olar? - Bəli, Musa sözsüz ki, komandamızın liderlərindən biridir. Ondan həm vinger, həm də yarımmüdafiəçi kimi istifadə edirik. Komandaya çox böyük fayda verir.
- Qarşıda "Neftçi", "Sabah" və "Qarabağ"la oyunlar var. Komandanı bu ağır perioddan necə çıxarmağı düşünürsüz? - Xarakter vacib rol oynayır. Bu üç oyunda xal qazanmaq üçün əlimizdən gələni edəcəyik.