İdman24
Futbol · APA Sport

“Qarabağ”ı qara buludlar bürüyüb? - Keçid dövrünün ağırlığı

“Uduzuruqsa, tənqid olunmalıyıq”.

Bu sözləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində səfərdə Kiyev “Dinamo”su ilə üz-üzə gələcək “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi keçirilən mətbuat konfransında deyib. Mütəxəssis Mateuş Koxalskinin ÇSKA ilə cavab qarşılaşmasındakı çıxışı ilə bağlı ona ünvanlanan sual zamanı bu kəlmələrdən istifadə edib.

Qurban bəy də tənqidlərin bir hissəsinin haqlı olduğunu bilir və anlayır. Sadəcə, məsələnin futbolçulara daha çox zərbə vurmasını istəmir. Bunu da, məncə, anlamaq çətin deyil. Bu mövsüm 9 futbolçusu (5-i əsas heyətdə çıxış edirdi) komandanı tərk edən Ağdam təmsilçisinin yeni oyunçularının sayı isə 8-ə bərabərdir. Üstəlik, klubun ötən mövsüm UEFA Çempionlar Liqasının pley-off mərhələsində çıxış etməsini demirəm hələ…

“Ötən mövsüm biz çox yükləndik. Bizim kimi çox komandalar ötən mövsümkü nəticələri qoruyub-saxlaya bilmədilər. Çempionatda da belə oldu. Çempionlar Liqasının çəkisi başqadır. Hətta qrupda oynamaq yox, elə o adın özü tam başqadır. Kollektiv həmişə tam sağlam olmur. Gedişatda bunu yaxşılaşdırmaq baxımından güc sərf etməli oluruq”.

Bu məsələ ilə bağlı sizə bir misal çəkim. Bu mövsümə qədər İspaniya La Liqasında çıxış edən “Jirona”nı xatırlamayan olmaz, yəqin. Bu ildən etibarən II Liqada mübarizə aparacaq komanda cəmi 2 il əvvəl dünya futbolunun ən nüfuzlu klub turniri olan Çempionlar Liqasına vəsiqə qazanmışdı. Özü də bunu “Atletiko”, “Atletik”, “Vilyareal”, “Valensiya” kimi komandaları geridə qoyaraq bacarmışdı. Lakin bu xülya çox davam etmədi. İspaniya kimi futbolu adı, sanı və mədəniyyəti ilə seçilən bir ölkədə belə hazırlıqsız yaxalanan komandalar olur. “Jirona” 2024/25 mövsümünü daxili çempionatda nə az, nə çox, düz 13 pillə geriləyərək 16-cı sırada başa vurdu. Çox çəkmədi ki, bir il sonra onlar aşağı liqaya yuvarlandılar.

Bunu deməkdə məqsədim komandaların nə dərəcədə çətinlik yaşaya biləcəyini başa düşməyinizə kömək etməkdir.

Amma bütün bunlar tənqidin olmamalı olduğu anlamına gəlmir. Əksinə, böyük hədəfləri olan komandalar məhz tənqiddən nəticə çıxarmağı bacarmalıdırlar. Qurban Qurbanovun da dediyi kimi, uduzursansa, tənqid olunmalısan. Sadəcə, burada əsas məsələ tənqidin formasını və ünvanını düzgün seçməkdir.

“Qarabağ” illərdir Azərbaycan futbolunun Avropadakı simasıdır. Bu komandanın standartları artıq əvvəlki kimi deyil. Bir neçə il öncə qrup mərhələsinə vəsiqə qazanmaq Azərbaycan futbolu üçün böyük hadisə sayılırdısa, indi Ağdam klubundan daha artığı gözlənilir. Bu da təbiidir. Çünki uğur qazandıqca gözləntilər də artır.

Lakin hər yeni mövsüm eyni ssenari ilə başlamır. Bəzən komanda nəticədən əvvəl bir keçid dövrü yaşayır. Xüsusilə də uzun illər formalaşmış əsas heyətin dəyişməsi, Kevin Medina kimi lider futbolçuların ayrılması və yeni oyunçuların Qurbanovun sisteminə uyğunlaşması zaman tələb edir.

“Qarabağ”ın son illərdə qazandığı uğurların arxasında təkcə fərdi keyfiyyətlər deyil, illərlə qurulan oyun fəlsəfəsi dayanır. Bu fəlsəfəni yeni futbolçulara aşılamaq isə bir neçə həftəlik proses deyil.

Əlbəttə, bu amillər nəticəsiz qalmağa bəraət qazandırmır. Azarkeş də nəticəyə görə qiymətləndirmə aparır. Sadəcə, qiymətləndirmə zamanı bütün mənzərəni görmək vacibdir.

Kiyev “Dinamo”su ilə qarşılaşma da məhz bu baxımdan önəmlidir. “Qarabağ” üçün bu oyun təkcə mərhələ adlamaq mübarizəsi deyil, həm də yeni qurulan komandanın hansı istiqamətdə irəlilədiyini göstərmək üçün bir fürsətdir...

Orijinal mənbə

İdman24 əsas səhifə