“Gəncə”nin 5 basketbolçusu liftdə xəsarət aldı – Baş məşqçidən FIBA-ya sərt ittiham

“Gəncə” basketbol klubunun baş məşqçisi Martin Knejeviç FIBA Avropa Kubokunda Türkiyənin “Esenler Erokspor” komandasına 63:92 hesabı ilə uduzduqları oyundan sonra sərt açıqlama verib.
Apasport.az xəbər verir ki, mütəxəssis sosial şəbəkə hesabında paylaşım edərək komandasının üzləşdiyi xoşagəlməz hadisədən danışıb.
Knejeviçin sözlərinə görə, qarşılaşmadan bir gün əvvəl komandanın qaldığı hoteldə liftin düşməsi nəticəsində 5 basketbolçu xəsarət alıb:
“Erokspor”la oyunun yekun nəticəsinə təəccüblənmirəm. Dünən axşam hoteldə liftin düşməsi nəticəsində 5 oyunçumuz xəsarət aldı. Rəqibin bizi yerləşdirdiyi ucuz oteldə baş verən hadisə zamanı oyunçularım liftlə 3 mərtəbə aşağı düşüblər. Yaxşı ki, ciddi xəsarət almayıblar.
Buna baxmayaraq, üçüncü periodun sonunda hesab arasındakı fərqi 10 xala qədər azalda bildik.
Hə, bir də oyunçularımızın sıradan çıxması səbəbindən matçın təxirə salınması ilə bağlı müraciətimizi görməzdən gələn FIBA-ya təşəkkür edirəm. Siz möhtəşəmsiniz!”