İdman24
Digər · APA Sport

Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb

Bakıda ilboyu xizək və snoubord üzrə təlim keçmə imkanı yaradan “Ski Center Baku” fəaliyyətə başlayıb.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Qış İdman Növləri Federasiyası məlumat yayıb.

Bildirilib ki, dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi kimi təqdim edilən “Ski Center Baku”nun açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev və digər rəsmi şəxslər iştirak ediblər.

2800 kvadratmetr sahəni əhatə edən “Ski Center Baku”da üç “MaxxTracks” məşq yamacı və “Olympus SkyTech” simulyatoru quraşdırılıb. Burada həm yeni başlayanlar, həm də təcrübəli xizəkçi və snoubordçular üçün ilboyu məşqlərin keçirilməsi nəzərdə tutulur.

Mərkəzdə uşaqların və gənclərin qış idman növlərinə cəlb olunması da prioritet istiqamətlərdən biri olacaq. Eyni zamanda məktəblilər üçün tanışlıq proqramları, məşq qrupları və məşqçi seminarlarının təşkili də planlaşdırılır.

“Ski Center Baku”nun yaradılmasında əsas məqsəd Azərbaycanda qış idman növləri üzrə təlim-məşq imkanlarını genişləndirmək və yeni idmançıların inkişafına dəstək olmaqdır.

Orijinal mənbə

İdman24 əsas səhifə