Fabianski karyerasını başa vurdu – Polşalı qapıçı futbolla vidalaşdı

Polşa millisinin sabiq qapıçısı Lukaş Fabianski peşəkar futbolçu karyerasını başa vurub.
Apasport.az xəbər verir ki, 41 yaşlı qolkiper qərarını sosial şəbəkə hesabında açıqlayıb. O, mövsümün sonunda müqaviləsinin başa çatdığı "Vest Hem"dən ayrıldıqdan sonra karyerasını bitirməyə qərar verib.
Fabianski son mövsümdə London klubunun heyətində cəmi bir oyunda meydana çıxıb və həmin görüşdə bir qol buraxıb.
Qeyd edək ki, təcrübəli qolkiper karyerası ərzində "Lex", Varşava "Legiya"sı, "Arsenal", "Suonsi" və "Vest Hem"in formasını geyinib. O, klub karyerasında 516 matç keçirib, bunların 144-də qapısını toxunulmaz saxlayıb.
Fabianski "Vest Hem"lə UEFA Konfrans Liqasının, "Arsenal"la İngiltərə Kubokunun, "Legiya" ilə isə Polşa çempionatının qalibi olub. Polşa millisinin heyətində isə 57 oyuna çıxıb.