İdman24
Digər · APA Sport

Emin Mahmudovdan mesaj – "Dinamo"nu keçib yolumuza davam etməliyik

"Neftçi"nin kapitanı Emin Mahmudov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Belarusun "Dinamo" komandasına qarşı keçiriləcək ilk oyun öncəsi fikirlərini bölüşüb.

Apasport.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi komandasının matça ciddi hazırlaşdığını bildirib.

"Matça yaxşı hazırlaşmışıq. Yaxşı oyun göstərməliyik. Klubun 90 yaşı olur. Buna görə motivasiyalıyıq. Növbəti rəqibi düşünmürük. "Dinamo" ilə görüşə köklənmişik. Bu mərhələni keçəndən sonra növbəti komanda haqqında fikirləşəcəyik".

Kapitan komandada ab-havanın yüksək səviyyədə olduğunu qeyd edib:

"Ötən illərdə də qrupa düşmək şansımız olub. Amma alınmayıb. Bəxtsizlik olub. İnanıram ki, bu mövsüm daha yaxşı nəticə göstərəcəyik. Fanatlar mövsüm ərzində yanımızda olurlar. Matçlarda əlimizdən gələni etməli və onları sevindirməliyik. Açıq məşqdə də bizə möhtəşəm dəstək oldular".

O, komandanın daha da güclənəcəyinə inandığını bildirib:

"Hazırda komandada sabitlik görürəm. Yeni transferlər də olacaq. Məncə, daha yaxşı nəticələr qazanacağıq".

Qeyd edək ki, "Neftçi" - "Dinamo" oyunu iyulun 22-də "Palms Sports Arena"da keçiriləcək və saat 20:00-da başlayacaq. Cavab qarşılaşması isə iyulun 30-da baş tutacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə