İdman24
Digər · APA Sport

Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci il tarixi açıqlanıb

Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci ildə keçiriləcəyi tarixlər müəyyənləşib.

Apasport.az xəbər verir ki, UCI-nin 2.1 kateqoriyasına daxil olan yarış mayın 9-dan 13-dək təşkil olunacaq.

Yarış beynəlxalq federasiyanın rəsmi təqviminə daxil edilib.

Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci ildə Los Anceles Yay Olimpiya Oyunlarına hazırlıq mərhələsinə təsadüf etməsi onun idman əhəmiyyətini artırır. Olimpiya təsnifatında reytinq xallarının mühüm rol oynaması yüksək səviyyəli komandaların və idmançıların yarışda iştirakına, mərhələlərdə daha gərgin mübarizənin aparılmasına zəmin yaradır.

Komandalar həm mərhələlərdə, həm də ümumi təsnifatda yüksək nəticə göstərmək, eləcə də Olimpiya Oyunlarına gedən yolda reytinq xallarını artırmaq üçün mübarizə aparacaqlar.

Qeyd edək ki, Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı Azərbaycanın idman, turizm və mədəni potensialının beynəlxalq səviyyədə nümayiş etdirilməsi baxımından mühüm platformadır. Yarış, həmçinin işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Orijinal mənbə

İdman24 əsas səhifə