İdman24
Futbol · APA Sport

“Fənərbaxça” transfer qadağasının səbəbini açıqladı

Türkiyənin “Fənərbaxça” klubu FIFA tərəfindən tətbiq edilən üç transfer dövrünü əhatə edən qadağa ilə bağlı açıqlama yayıb.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi sanksiyanın müvəqqəti olduğunu və Yussef En-Nesirinin transfer haqqı ilə bağlı ödənişdən qaynaqlandığını bildirib.

Klubun məlumatına görə, mərakeşli hücumçunun transfer haqqının 30 aprel 2026-cı il tarixində ödənilməli olan taksiti vaxtında köçürülməyib. Bundan sonra qarşı tərəf FIFA-ya müraciət edib. Yeni rəhbərlik vəzifəyə başladıqdan sonra gecikmiş ödənişi həyata keçirib.

Lakin FIFA-da açılan iş çərçivəsində növbəti taksitin də ödənilməsi tələb olunub. “Fənərbaxça” isə bunun üçün FIFA-nın qərarını gözləyib.

İstanbul klubu FIFA-nın qərarı ilə nəzərdə tutulan məbləğin ilk iş günü – sentyabrın 28-də ödəniləcəyini açıqlayıb. Bildirilib ki, ödənişdən sonra FIFA-dakı bürokratik prosedurlar tamamlanacaq və transfer qadağası aradan qaldırılacaq.

Qeyd edək ki, “Fənərbaxça” keçmiş dövrə aid bütün maliyyə göstəriciləri və öhdəliklərin sentyabrın 27-də keçiriləcək növbəti Ümumi Yığıncaqda ictimaiyyətə açıqlanacağını da bildirib.

Orijinal mənbə

İdman24 əsas səhifə