Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”

“Fənərbaxça”nın idarə heyətinin üzvü Cihan Kamer Anderson Talişkanın komandadan ayrılacağını açıqlayıb.
Apasport.az xəbər verir ki, klub rəsmisi braziliyalı futbolçunun transferinin bu gün yekunlaşacağına ümid etdiklərini bildirib.
Kamer Talişkanın “Fənərbaxça”dan xoş münasibətlə ayrılacağını vurğulayıb:
“Talişkanı bütün azarkeşlərimizin alqışları ilə yola salacağıq. O, bir çox matçda tərlədi, əziyyət çəkdi və komandaya töhfə verdi. Buna görə də azarkeşlərin sevgisini qazanaraq ayrılacaq. Onu alqışlarla yola salacağıq. Ümid edirəm ki, transfer bu gün yekunlaşacaq”.
Cihan Kamer həmçinin bu gün etibarilə bəzi futbolçularla yolların ayrılacağını qeyd edib.
O, Ceyden Ostervoldenin vəziyyətinə də toxunub:
“Bu gün etibarilə Rodriqo Bekao, Dieqo Karlos və Çağlar Söyüncü ilə yollarımızı ayırmaqla heyət planlamasını tamamlayacağıq. Ceyden Osterolde isə bu gün əməliyyat olunacaq və onu ehtiyat heyətimizdə dəyərləndirəcəyik”.
Klub rəsmisi əsas komanda üçün yeni transferin də gözlənilmədiyini vurğulayıb:
“Fənərbaxça’ üçün transfer dönəmi bağlanıb. Sosial mediada boş yerə yeni hekayələr yazılmasın. Yalnız U-23 səviyyəsində uyğun futbolçu olarsa, istisna mümkündür. Nəticə etibarilə həm yerli, həm də legioner transferləri baxımından mövsümü bağlamışıq”.