İdman24
Futbol · APA Sport

“Qarabağ”ın yeni rəsmi tərəfdaşı açıqlanıb - FOTO

“Qarabağ” futbol klubu ilə “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalanıb.

Apasport.az xəbər verir ki, mərasimdə klubun baş direktoru Emrah Çelikel, “Azerbaijan Coca-Cola Bottlers”in baş direktoru Rəna Məmmədova və hər iki tərəfin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Emrah Çelikel tərəfdaşlığın uğurlu olacağına inandığını bildirib: "Qarabağ" olaraq uzunmüddətli və etibarlı tərəfdaşlıqlara hər zaman böyük önəm veririk. “BonAqua” kimi keyfiyyət və sağlam həyat tərzi ilə assosiasiya olunan bir brendin klubumuzun rəsmi su tərəfdaşı olması bizi məmnun edir. İnanırıq ki, bu əməkdaşlıq hər iki tərəf üçün uğurlu olacaq və gələcəkdə birgə həyata keçirəcəyimiz layihələrlə daha da möhkəmlənəcək”.

"Azerbaijan Coca-Cola Bottlers”in baş direktoru Rəna Məmmədova da əməkdaşlığın əhəmiyyətini vurğulayıb: “BonAqua” olaraq idmanın və sağlam həyat tərzinin təşviqini fəaliyyətimizin əsas istiqamətlərindən biri hesab edirik. Azərbaycanın ən uğurlu futbol klublarından biri olan "Qarabağ"la tərəfdaşlığa başlamaqdan məmnunuq. İnanırıq ki, bu əməkdaşlıq həm idmanın inkişafına töhfə verəcək, həm də azarkeşlər üçün dəyər yaradan layihələrin həyata keçirilməsinə imkan yaradacaq”.

Müqaviləyə əsasən, “BonAqua” qarşıdakı illərdə “Qarabağ”ın rəsmi su tərəfdaşı olacaq. Əməkdaşlıq çərçivəsində klubun əsas komandası və digər bölmələrinin su təminatı həyata keçiriləcək.

Tədbirin sonunda tərəflər bir-birinə xatirə hədiyyələri təqdim ediblər.

Qeyd edək ki, “BonAqua” "Azerbaijan Coca-Cola Bottlers”in Azərbaycanda istehsal etdiyi təbii içməli su brendidir. Məhsul beynəlxalq keyfiyyət sertifikatlarına və şirkətin yüksək istehsal standartlarına uyğun hazırlanır.

İdmana verdiyi dəstəklə tanınan “BonAqua” indiyədək Azərbaycanda keçirilmiş "Bakı 2015" I Avropa Oyunları, "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları, “Tour d’Azerbaijan”, Bakı Marafonu, "Formula-1" Azərbaycan Qran-prisi və digər mötəbər idman tədbirlərində idmançıların, komandaların, rəsmi nümayəndələrin və azarkeşlərin su təminatında iştirak edib.

Orijinal mənbə

İdman24 əsas səhifə