İdman24
Formula 1 · APA Sport

Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb

Formula 1 üzrə Azərbaycan Qran-prisinin keçirilməsi ilə əlaqədar Bakının bir sıra ərazilərində nəqliyyat məhdudiyyətləri tətbiq olunacaq.

Apasport.az xəbər verir ki, ilkin məhdudiyyət sentyabrın 19-da saat 21:00-dan qüvvəyə minəcək.

Məhdudiyyət Puşkin küçəsinin Üzeyir Hacıbəyli küçəsi və Neftçilər prospekti ilə kəsişməsindən olan hissəsində tətbiq ediləcək və tədbirin sonunadək davam edəcək.

Nəqliyyatın idarəetmə planına əsasən, Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər sentyabrın 20-də saat 01:00-dan 28 sentyabr saat 08:00-dək nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Bu zonalara giriş-çıxış yalnız “Yaşayış Yerinə Giriş İcazəsi” ilə mümkün olacaq.

Bununla yanaşı, şəhər sakinlərinin və sürücülərin rahatlığını təmin etmək məqsədilə bəzi əsas yollar müəyyən saatlarda nəqliyyat üçün açıq olacaq.

Belə ki, sentyabrın 21 və 22-də müəyyən edilmiş giriş-çıxış nöqtələrində saat 07:00-dan 09:00-dək, axşam isə 18:00-dan 20:00-dək nəqliyyatın hərəkətinə icazə veriləcək.

Sentyabrın 23-də isə həmin yollar saat 07:00-dan 09:00-dək və 20:00-dan 22:00-dək açıq olacaq.

Qeyd olunan müddətdə ictimai nəqliyyat və ağır tonnajlı yük avtomobilləri istisna olmaqla, digər nəqliyyat vasitələrinin hərəkəti müəyyən edilmiş tranzit dəhlizləri vasitəsilə təmin ediləcək.

Tranzit dəhlizlərinin açıq olduğu müddətdə, fövqəladə hallar istisna olmaqla, nəqliyyat vasitələrinin parklanmasına, sərnişinlərin minib-düşməsinə icazə verilməyəcək. Dəhlizlərdə sürət həddi 50 km/saat olacaq.

Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran-prisi sentyabrın 24-26-da Bakıda keçiriləcək.

Orijinal mənbə

İdman24 əsas səhifə