“Məlumatların silinməsi iddiası yalandır” - TFF-dən açıqlama

Türkiyə Futbol Federasiyası (TFF) davam edən istintaq çərçivəsində VAR otağında aparılan yoxlama ilə bağlı rəsmi açıqlama yayıb.
Apasport.az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan və Mərkəzi Hakimlər Komitəsinin bəzi üzvlərinin saxlanılması ilə gündəmə gələn istintaq çərçivəsində TFF-nin Təlim Mərkəzində yerləşən Video Köməkçi Hakim (VAR) otağında sentyabrın 29-da polis əməkdaşları tərəfindən yoxlama aparılıb.
Federasiya bildirib ki, yoxlama TFF-nin müvafiq departamentlərində çalışan səlahiyyətli şəxslərin məlumatı və iştirakı ilə həyata keçirilib. Yoxlamanın məqsədi və əhatə dairəsinin istintaqı aparan aidiyyəti qurumların səlahiyyətində olduğu vurğulanıb.
TFF yoxlamadan sonra sosial şəbəkələrdə və müxtəlif media orqanlarında yayılan bəzi məlumatlara da münasibət bildirib. Xüsusilə, “Hakimlər Departamentində bəzi rəqəmsal materialların silindiyi müəyyən edilib, polis əməkdaşları isə həmin materialları bərpa edib” şəklində yayılan məlumatların həqiqəti əks etdirmədiyi açıqlanıb.
Federasiyanın bəyanatında deyilir:
“Türkiyə Futbol Federasiyasının aidiyyəti bölmələrində olan rəqəmsal materialların yoxlamadan əvvəl silindiyi və polis əməkdaşlarının həmin materialları yenidən bərpa etdiyi barədə iddialar tamamilə əsassızdır”.
TFF ictimaiyyətin doğru məlumatlandırılmasının, davam edən məhkəmə-istintaq prosesi ilə bağlı həqiqətə uyğun olmayan və təsdiqlənməmiş məlumatların yayılmasının qarşısının alınmasının böyük əhəmiyyət daşıdığını bildirib.
Federasiya davam edən istintaqın sağlam şəkildə aparılması və səlahiyyətli qurumların fəaliyyətinə hər hansı təsirin göstərilməməsi üçün lazımi həssaslığın nümayiş etdirildiyini, hüquq-mühafizə və məhkəmə orqanları ilə qanunvericiliyə uyğun şəkildə əməkdaşlıq edildiyini qeyd edib.
Açıqlamada həmçinin davam edən istintaqdan istifadə edilərək TFF-ni, onun qurumlarını və əməkdaşlarını şübhə altında qoyan həqiqətə uyğun olmayan məlumatların yayılmasının qəbuledilməz olduğu vurğulanıb.
TFF bu tip yalan və ictimaiyyəti çaşdıran məlumatları yayan şəxslər və media qurumları ilə bağlı bütün hüquqi vasitələrdən istifadə ediləcəyini, həmçinin Respublika Baş Prokurorluğuna şikayət ediləcəyini açıqlayıb.
Sonda ictimaiyyətdən davam edən istintaqla bağlı yalnız səlahiyyətli qurumların yaydığı rəsmi məlumatlara etibar edilməsi, mənbəyi və doğruluğu təsdiqlənməyən iddialara isə inanılmaması xahiş olunub.