İdman24
Digər · APA Sport

Bakıda “Qələbə qaçışı”na start verildi – Rekord sayda iştirakçı

Bakıda Vətən müharibəsində qazanılan tarixi Zəfərin altıncı ildönümü münasibətilə ənənəvi “Qələbə qaçışı”na start verilib.

Apasport.az xəbər verir ki, altıncı dəfə təşkil olunan yarışda 2000-ə yaxın şəxs iştirak edir.

Bu, tədbirin tarixində rekord göstəricidir.

Açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yaxınlığından start götürən iştirakçılar 10 kilometrlik məsafəni qət edəcəklər.

Gənclər və İdman Nazirliyi ilə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən yarış bu il də “Qürurla irəli” şüarı altında baş tutur.

Xeyriyyə xarakterli tədbirə qatılan hər bir iştirakçı qeydiyyat zamanı minimum 20 manat ianə edib. Toplanan vəsaitin hamısı “YAŞAT” Fonduna köçürüləcək.

Finiş xəttini ilk keçən iştirakçılar mükafatlandırılacaqlar. Yarışdan sonra isə iştirakçılar və qonaqlar üçün konsert proqramı təşkil olunacaq. Konsertdə Xalq artisti Röya, Murad Arif və digər tanınmış ifaçılar çıxış edəcəklər.

Qeyd edək ki, “Qələbə qaçışı” 2021-ci ildən etibarən hər il ənənəvi olaraq keçirilir.

Orijinal mənbə

İdman24 əsas səhifə